Etiraz aksiyalarının başladığı vaxtdan bu yana Kenoşa şəhərində 252 nəfər saxlanılıb
Bakı, 4 sentyabr, AZƏRTAC
ABŞ-ın Viskonsin ştatının Kenoşa şəhərində Afrika əsilli Ceykob Bleykin polis tərəfindən yaralanmasına etiraz əlaməti olaraq aksiyaların başlandığı avqustun 23-dən bəri 252 nəfər polis tərəfindən saxlanılıb.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Kenoşa şəhərinin polis departamenti məlumat yayıb.
Məlumata əsasən, etiraz aksiyalarının başladığı vaxtdan sentyabrın 3-nə qədər polis 252 etirazçını saxlayıb. Onlardan 132-si Kenoşa dairəsində yaşamır.
Etiraz aksiyaları və onları müşayiət edən iğtişaşların şəhərə vurduğu zərər təxminən 2 milyon dollar həcmində qiymətləndirilir. Asayişin bərpa olunmasına 40-dan çox polis və Milli Qvardiyanın 1500-ə yaxın əməkdaşı cəlb olunub.
Qeyd edək ki, avqustun 23-də Kenoşa polisi mübahisə edən qadınları sakitləşdirməyə çalışan qaradərili Ceykob Bleykə qarşı elektroşokerdən istifadə edib, sonra isə ona arxadan atəş açıb. Yaralanan şəxs ağır vəziyyətdə xəstəxanaya aparılıb. 29 yaşlı gəncin atası oğluna atılan səkkiz güllədən yeddisinin ciddi və çox güman ki, bərpa olunmaz xəsarətlər yetirdiyini və onun beldən aşağı iflic olduğunu bildirib. Ceykob Bleykin onurğa sütunu və daxili orqanları ciddi zədələnib. Viskonsin ştatının Baş prokurorluğu insidentlə bağlı təhqiqata başlayıb.
Hadisədən sonra Kenoşada iğtişaşlar, yanğınlar və dağıntılarla müşayiət olunan kütləvi etiraz aksiyaları başlayıb. Şəhərdə komendant saatı tətbiq edilib.