Ətraf mühitin mühafizəsi ilə bağlı keçirilən “Kod Da Vinçi” turniri uğurla başa çatmışdır
Bakı, 27 may (AZƏRTAC). Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə “Təmiz Şəhər” ASC-nin “Təmiz Qala” layihəsinin maarifləndirmə proqramı çərçivəsində keçirilən “Kod Da Vinçi” turniri uğurla başa çatmışdır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Kod Da Vinçi” məntiqi-intellektual komanda oyunu tullantıların idarə olunması və ətraf mühitin mühafizəsi sahəsində gənclərin biliklərinin artırılmasına xidmət edir. Oyun zamanı komandalar növbəti mərhələyə keçmək üçün “açarları” axtarırlar. Oyunun aparıcısı tapşırığı hər bir komandanın kapitanına verir. Sualın açarları və ya hər hansı bir cavabı oyun keçirilən ərazidə gizlədilir. Oyunçular məntiqi sualların cavablarını tapdıqdan sonra növbəti mərhələyə keçmək imkanı əldə edirlər. Beləliklə, hər mərhələdən sonra növbəti mərhələ gəlir. Sonda ən çox mərhələ dəf edən komanda qalib gəlir.
Oyunun birinci mərhələsi - facebook sosial şəbəkəsində keçirilən turnir gənclər tərəfindən böyük maraqla qarşılanmışdır. “Təmiz Şəhər” ASC-nin facebook səhifəsində yerləşdirilmiş sualların cavablandırılmasında gənclər fəal iştirak etmiş və ən çox xal toplamış 60 nəfər ikinci mərhələyə keçmişdir.
Növbəti mərhələdə əsas hədəf Qala qoruğunun müxtəlif yerlərində gizlədilmiş “açarları” toplamaqla digər mərhələyə keçmək idi. 5 nəfərdən ibarət 12 komanda verilmiş məntiqi sualların “açarlarını” taparaq sualları cavablandırmışlar. Beləliklə, verilmiş 10 sualı birinci və düzgün cavablandırmış 6 komanda final mərhələsində iştirak etmək haqqı qazanmışdır.
İçərişəhər ərazisində turnirin üçüncü - final mərhələsində 40 nəfər iştirak etmişdir. İştirakçılara daha mürəkkəb suallar verilmişdir. Sualları hamıdan birinci cavablandıran komanda qalib olmuşdur.
Qaliblər “Təmiz Şəhər” ASC tərəfindən sertifikat və mükafatlarla təltif olunmuşlar.
“Kod Da Vinçi” turniri “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilmişdir.