“Eurovision” müsabiqəsi qonaqlarının yerləşdirilməsində heç bir problem olmayacaqdır
Bakı, 17 fevral (AZƏRTAC). Bakıda fəaliyyət göstərən mehmanxanalar Mədəniyyət və Turizm Nazirliyinin tövsiyəsinə əsasən, “Eurovision-2012” mahnı müsabiqəsi dövründə, yəni mayın 5-dən 27-dək hotel nömrələrinin satışını dayandırmışlar.
Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov AZƏRTAC-a bildirmişdir ki, buna səbəb müsabiqə dövründə mehmanxanalarda qiymət artımının qarşısını almaq və ən əsası, qonaqların ən vacib hissəsi hesab edilən müsabiqə təşkilatçılarını normal yerləşdirməkdir.
Assosiasiyanın sədri bildirmişdir ki, hazırda Bakıdakı hotellərdə 11 minə yaxın qonaq yerləşdirmək mümkündür. Müsabiqə çərçivəsində Azərbaycana gələcək rəsmi nümayəndələrin sayı isə 4 minə yaxın olacaqdır. Bunlar müsabiqə iştirakçıları, onları müşayiət edən nümayəndə heyətləri, jurnalistlər, təşkilat komitəsinin üzvləridir. Yerlərin 4 mini rəsmi nümayəndələr üçün saxlanılmışdır. Qalan 7 min yer isə müsabiqə ilə bağlı Bakıya gələcək turistlər üçün nəzərdə tutulmuşdur. İndiyədək “Eurovision”a gəlmək üçün 3 minə qədər turist sifarişi qəbul olunmuşdur.
Ümumilikdə müsabiqə çərçivəsində ölkəyə gələnlərin sayının təqribən 11 min nəfər olacağı gözlənilir. Qonaqların sayı bundan çox olarsa, onları yerləşdirmək üçün başqa variantlar da nəzərdə tutulur.
Artıq Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Turizm Assosiasiyası bu istiqamətdə hazırlıq işləri aparırlar. Kirayə veriləcək mənzillərin sayı, onların neçə otaqlı olması, yaşayış şəraiti baxımından standartlara uyğun gəlib-gəlmədiyi dəqiqləşdirilir. Bu işlər çərçivəsində müəyyən olunmuşdur ki, müsabiqə çərçivəsində gələn qonaqlara 2 minə yaxın müxtəlif otaqlı mənzil və hər biri 5-6 otaqlı olan 60-70 villa kirayəyə verilə bilər. Bu evləri www.eurovision.az saytı vasitəsilə kirayəyə götürmək mümkün olacaqdır.
Müsabiqə zamanı qonaqların bir hissəsinin gəmilərdə yerləşdirilməsi də nəzərdə tutulur. Bu məqsədlə, ehtiyac olarsa, Xəzərin sahilinə bir neçə gəminin gətirilməsi planlaşdırılır. Lakin bu variantdan o vaxt istifadə olunacaqdır ki, müsabiqə zamanı ölkəmizə gözləniləndən daha çox turist gəlsin.