“Fairmont Baku” oteli ilk müştərilərini bu ilin avqustunda qəbul edəcəkdir
Bakı, 21 fevral (AZƏRTAC). “Fairmont Baku” otelinin baş meneceri Adrian Ellis və icraedici inzibati köməkçi Aygün Ağayeva Azərbaycan Turizm İnstitutunda (ATİ) olmuşlar.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, ATİ Məzunlar Assosiasiyasının (ATİMA) təşəbbüsü ilə keçirilən görüş-təqdimatda müəllim və tələbələr iştirak etmişlər.
ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, yaranmasından keçən 6 ildə qazandığı uğurlardan danışmışdır.
C.Cəfərov ATİ-də təhsilin Bolonya prosesinə uyğun qurulduğunu, dünyanın nüfuzlu ali təhsil ocaqları ilə əməkdaşlıq müqavilələri və memorandum imzalandığını qeyd etmişdir. O, tələbələrin turizm sənayesinin inkişaf etdiyi ölkələrdə istehsalat təcrübəsi keçmək imkanı qazandıqlarını, Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti ilə bağlanmış müqaviləyə əsasən, ATİ-nin 33 məzununun ikili diplom aldığını da diqqətə çatdırmışdır.
Tədbirin təşkilatçılarına təşəkkürünü bildirən Adrian Ellis özünün iş təcrübəsindən və Fairmont ailəsinin yaranma tarixindən danışmışdır. Bildirmişdir ki, Fairmont ilk dəfə 1907-ci ildə ABŞ-ın San-Fransisko şəhərində fəaliyyətə başlamışdır. İndi dünyanın müxtəlif nöqtələrində Fairmont ailəsinə məxsus otellər fəaliyyət göstərir. Bu siyahıya Kanada, Meksika, Almaniya, Zimbabve, Nairobi kimi ölkələrin daxil olduğu 65 müxtəlif ünvan daxildir. Yaxın vaxtlarda Məkkə, Dubay, Şanxay, Kiyev şəhərlərinin sırasında Bakı və Moskva da yer alacaqdır.
“Fairmont Baku” oteli ilk müştərilərini bu ilin avqustında qəbul edəcəkdir. “Rəhbərlik inkişaf proqramı” layihəsi çərçivəsində burada üç nəfər məzun 18 aylıq praktiki təhsil olacaqdır. Yekunda bu şəxslər Fairmont ailəsinin üzvünə çevrilmək şansı qazanacaqlar. Otel, eyni zamanda, tələbələrə istehsalat təcrübəsi keçmək imkanı da yaradır.