Fermerlər payızlıq taxıl əkinlərinə qulluq işləri ilə bağlı maarifləndiriliblər
Şəki, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinin tabeliyindəki Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən şimal-qərb bölgəsi rayonlarında fəaliyyət göstərən taxılçı fermerlər üçün maarifləndirici təlimlər davam edir. Növbəti təlimlər Şəki rayonunun Cumakənd və Küdürlü kəndlərində “Payızlıq taxıl əkinlərində xəstəlik və zərərvericilərə, alaq otlarına qarşı mübarizə tədbirləri, təhlükəsizlik qaydalarının təşkili” mövzusunda keçirilib.
Regional Mərkəzdən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, payızlıq əkin sahələrində keçirilən təlimlər zamanı fermerlər alaq otlarına qarşı mübarizə tədbirlərinin aparılmasının vacibliyi, herbisidlərin işçi məhlulunun hazırlanması, hər hektara məsarif norması və istifadə edilən preparatlar, bu zaman təhlükəsizlik qaydalarına əməl olunması barədə ətraflı məlumatlandırılıblar.
Fermerlərə, həmçinin pestisidlərlə işləmə qaydaları, xəstəlik və zərərvericilər əleyhinə aparılan mübarizə tədbirləri zamanı iqtisadi ziyanlıq həddinin nəzərə alınması və digər məsələlər barədə də lazımi məsləhətlər verilib.