FHN: Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü təcili tibbi yardım briqadasına təhvil verilib
Bakı, 7 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “JEEP” və iki “TOYOTA” markalı minik avtomobilinin iştirakı ilə zəncirvari yol-qəza hadisəsi baş verib və “TOYOTA” markalı minik avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1977-ci il təvəllüdlü Elçin Quşarov təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.