FHN Gədəbəydə yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib
Bakı, 29 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gədəbəy Rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı müşavirə keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, müşavirədə rəhbər şəxslər, rayon fəalları, icra hakimiyyətinin nümayəndələri və bələdiyyə üzvləri iştirak ediblər.
Çıxış edənlər rayon ərazisində yanğın təhlükəsizliyi qaydalarının tələblərinin yerinə yetirilmə vəziyyəti, eləcə də kənd yaşayış evlərində, həyətyanı sahələrdə yığılan ot tayalarında və tövlələrdə baş verən yanğınların səbəbləri, bu yanğınların qarşısının alınması üçün görüləcək tədbirlər haqqında danışıblar.
Tədbirdə dəm qazı təhlükəsi ilə bağlı əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsi barədə də ətraflı müzakirələr aparılıb.