Filosof alimlər il ərzində 133 elmi-tədqiqat işi yerinə yetiriblər
Bakı, 16 dekabr, AZƏRTAC
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Elmi şurasının onlayn iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin 2020-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat dinlənilib.
Qurumun hesabatını təqdim edən elmi katib, fəlsəfə üzrə fəlsəfə doktoru Sevinc Həsənova cari ildə 2 elmi istiqamət, 4 problem, 15 mövzu üzrə 133 elmi-tədqiqat işinin yerinə yetirildiyini diqqətə çatdırıb. Qeyd olunub ki, araşdırmaların nəticəsi olaraq 29 kitab, 23 monoqrafiya (onlardan 3-ü xaricdə), 2 kollektiv monoqrafiya, 4 toplu (1-i elektron, 1-i almanax olmaqla), 1 dərs vəsaiti, 1 fənn proqramı, 392 məqalə və konfrans tezisləri (onlardan 81 məqalə və konfrans tezisləri xaricdə, 10 məqalə impakt faktorlu jurnallarda, ölkədaxili 144 məqalə jurnallarda, 90 məqalə saytlarda, 77 məqalə digər kütləvi informasiya vasitələrində) dərc edilib.
2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamlarının icrası ilə bağlı “Könüllülər ili”nə, həmçinin Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan onlayn respublika elmi konfransları keçirilib. Bundan əlavə, Ziyəddin Göyüşovun 100 illik yubileyi münasibətilə onlayn respublika konfransı, Fəlsəfə və Sosiologiya İnstitutunun 75 illik yubileyi ilə əlaqədar 2 beynəlxalq onlayn elmi konfrans və 1 onlayn elmi seminar, akademik Firudin Köçərlinin 100 illik yubileyinə dair 1 onlayn respublika konfransı reallaşıb.
Hesabat ilində “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”, “Azərbaycan 2020: gələcəyə baxış” inkişaf konsepsiyası, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı”, eləcə də ölkənin müdafiə qüdrətinin artırılması ilə bağlı bir sıra tədqiqat işləri aparılıb, respublika və beynəlxalq konfranslar, seminarlar keçirilib, kitablar, monoqrafiyalar, dərs vəsaitləri hazırlanıb, bu istiqamətdə mətbuatda mütəmadi çıxışlar edilib.
İnstitut əməkdaşlarının əsərlərinə 2020-ci ildə “Google scholar” bazasında 687 istinad olunub. Hesabat dövründə qurumun 41 əməkdaşı 14 ölkədə keçirilmiş beynəlxalq onlayn konfranslarda Azərbaycanı təmsil ediblər.
İl ərzində müəssisənin alimləri bir sıra mükafatlara da layiq görülüblər. Eyni zamanda, Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fonduna 6 min manat ianə köçürülüb.
Daha sonra iclasda hesabat ətrafında müzakirələr aparılıb, müvafiq qərar qəbul edilib.