FİRƏNGİZ ƏLİZADƏNİN “OYAN” ƏSƏRİNIN İFAÇISI YÜKSƏK MÜKAFATA LAYİQ GÖRÜLMÜŞDÜR
Münsiflər heyətinin qərarına əsasən 9 nəfər fəxri diplomlarla mükafatlandırmışdır.
Almaniyalı violonçelist Mari-Elizabet Heker Azərbaycan bəstəkarı Firəngiz Əlizadənin “Oyan” əsərinin ifasına görə ən yüksək mükafata layiq görülmüşdür. Mükafatı gənc ifaçıya bəstəkarın özü təqdim etmişdir. M.E.Heker Paris Bələdiyyə İdarəsinin də mükafatını almışdır.
Təntənəli mərasimdən sonra qaliblərin ifasında bir çox bəstəkarın əsərləri səslənmişdir. F.Əlizadənin “Oyan” əsəri fransız musiqisevərləri tərəfindən alqışlarla qarşılanmışdır.
Münsiflər heyətinin rəhbəri Mstislav Rostropoviç demişdir: “Dünyanın müxtəlif ölkələrini təmsil edən 200 gənc violonçelist arasında dörd mərhələdə keçirilən ənənəvi müsabiqə böyük müvəffəqiyyətlə başa çatdı, onun Vaşinqton,Tokio, Moskva mərhələlərinə Parisdə yekun vuruldu. Zənnimcə, bu musiqi yarışında ən layiqli ifaçıları müəyyənləşdirə bildik.
Əvvəllər bu müsabiqədə yalnız fransız bəstəkarların əsərləri ifa olunurdu, lakin bu il xarici bəstəkarlarının əsərlərinə müraciət etməyi qərara aldıq. Şəxsən tanıdığım və yaradıcılığına yaxından bələd olduğum həmyerlim, bəstəkar Firəngiz Əlizadəni dəvət etdim və o, mənim təklifimə məmnuniyyətlə razılıq verdi. Müsabiqəyə təqdim edilmiş əsərlər arasında onun əsərini xüsusi qeyd etmək istəyirəm. Öz əsərlərində milli koloritə həmişə üstünlük verən F.Əlizadə bu dəfə də ənənəsinə sadiq qalmışdır. “Oyan” əsəri yüksək yaradıcılıq fantaziyasının məhsuludur. Əsərin qayəsini qədim, zəngin mədəniyyətə və incəsənətə malik Vətəninin musiqi ənənələri təşkil edir. Bəstəkar muğamı müasir musiqi ilə məharətlə sintez etmişdir.
Ümumiyyətlə, Azərbaycan musiqisi harada səslənməsindən asılı olmayaraq, həmişə böyük ehtirasla qarşılanır və özünə geniş pərəstişkar auditoriyası toplayır”.
Mərasimdə Azərbaycanın Fransadakı səfiri Tarik Əliyev iştirak etmişdir.