İDMAN
Formula 1 Azərbaycan Qran-Prisi almandilli idman mətbuatının diqqət mərkəzindədir
Vyana, 30 aprel, AZƏRTAC
Aprelin 29-da Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisi almandilli idman mətbuatının gündəmindəki əsas mövzu olub.
AZƏRTAC xəbər verir ki, yarışdan canlı yayım edən telekanallar və internet televiziyaları ilə yanaşı, Almaniyanın, Avstriyanın və İsveçrənin aparıcı mətbu orqanlarında Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsi barədə geniş məlumatlar əksini tapıb.
“Mercedes” komandasının pilotu Luis Hamiltonun qələbəsi ilə başa çatan Azərbaycan Qran-Prisi haqqında xəbərlərdə Sebastian Fettelin (“Ferrari”) uğursuz çıxışı diqqət mərkəzində dayanıb. Rəqiblərinin səhvlərindən yararlanan L.Hamiltonun bu mövsümdə ilk qələbəsi haqqında danışılarkən, onun bəxtinin gətirdiyi, yarışın sonuncu mərhələsində uğurun onun tərəfində olduğu qeyd edilib.
Avstriya mətbuatında isə “Red Bull Racing” komandasının pilotları Daniel Rikkardonun və Maks Ferstappenin bir-biri ilə toqquşaraq yarışdan ayrılmaları təəssüf hissi ilə vurğulanıb.
Məqalələrdə həm yerli, həm də xaricdən gələn Formula 1 azarkeşləri üçün Bakıda möhtəşəm kulis təşkil olunduğu, yarışın yüksək səviyyədə hazırlandığı bildirilib.
Qeyd edək ki, avtoidman həvəskarların nəzərləri indi İspaniyaya yönələcək. Mayın 11-13-də Formula 1 üzrə dünya çempionatının növbəti mərhələsi Barselonada keçiriləcək.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana