Fövqəladə Hallar Nazirliyində payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər müzakirə edilib
Naxçıvan, 19 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilmiş müşavirədə Fövqəladə Hallar Nazirliyinin qarşısına mövsümi qazanxana işçilərinin əvvəlcədən təlimatlandırılması, bütün ocaqçıların müvafiq kurslara cəlb olunması, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlərin görülməsi, standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması, habelə yaşayış məntəqələrində təbii qazdan təhlükəsiz istifadə ilə əlaqədar işlərin görülməsi və xüsusi təhlükəli obyektlərdə reydlərin keçirilməsi ilə bağlı tapşırıqlar qoyulub.
Muxtar respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu barədə 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı nazirlikdə keçirilən müşavirədə ətraflı danışılıb.
Müşavirədə çıxış edən muxtar respublikanın Fövqəladə Hallar naziri, general-leytenant Şamı Abdullayev qeyd edib ki, hesabat dövründə 769 qаzаnхаnаyа baxış olub, yanğın və texniki təhlükəsizlik tədbirləri görülüb, mövsümi qazanxana işçiləri attestasiyadan keçirilib, 79 nəfər peşə məktəblərində qazanxana maşinisti ixtisası üzrə kurslara cəlb edilib. Doxsan ticarət obyektində yoxlamalar keçirilərək standarta uyğun olmayan və sənaye üsulu ilə hazırlanmayan qızdırıcı elektrik və qaz cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısının alınması təmin olunub.
Bildirilib ki, cari ilin müvafiq dövründə 1318 obyektdə yanğın-texniki müayinələr keçirilib, 4 min 819 nəfər yanğına qarşı təlimatlandırılıb. Apаrılmış prоfilаktik tədbirlər nəticəsində 310 ədəd əlavə çəkilmiş elektrik xətti, qeyri-standart elektrik qızdırıcıları və yanğın cəhətdən təhlükəli olan elektrik sahələri qadağan edilib, 692 şlanqla çəkilmiş qaz xətti və qeyri-standart qaz sobalarının istismarı dayandırılıb. Hamam-vanna otağında quraşdırılmış qazla işləyən 73 suqızdırıcının və yаnğın cəhətdən təhlükəli yеrə yığılmış 28 оt-sаmаn tаyаsının yеri dəyişdirilib.
Nazir vurğulayıb ki, muxtar respublika ərazisində təmir olunmuş və təmir işləri davam etdirilən 11 ictimai yaşayış binasına məxsus 343 tüstü bacası təmizlənib, 73 ictimai yaşayış binasında 643 ümumi tüstü bacasının ətrafının metal torla bağlanması təmin olunub. Fövqəladə hallarda fəaliyyəti zəruri olan 120 müəssisə və təşkilatın fövqəladə hallara hazırlığı yoxlanılıb, Naxçıvan Günəş Elektrik Stansiyasının perimetri boyunca 7,5 kilometr uzunluğunda torpaq yollar çəkilərək minerallaşdırılmış zolaqlar yaradılıb, Kəngərli Günəş Elektrik Stansiyasında yanğın təhlükəsizliyi etibarlı şəkildə təmin edilib.
Muxtar respublikanın yanğın təhlükəli 13 obyektində yaradılmış könüllü yanğın komandalarının hazırlığına və yanğın avtomobillərinin sazlığına nəzarət edilib, Culfa yanğın qatarı ilə yanğın-taktiki məşğələ keçirilib.
Aparılan profilaktik tədbirlər nəticəsində yanğınların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalıb.
Nazir, həmçinin qeyd edib ki, Culfa Rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binasının yenidən qurulması və texniki qarajının tikintisi başa çatmaq üzrədir. Şöbənin ən müasir yanğın avtomobilləri, yanğın texniki avadanlıqlar, əşya-əmlaklarla təminat məsələləri öz həllini tapıb. Nazirliyin struktur qurumlarında kiçik təmir işləri aparılıb, Mülki müdafiə alayında 3 aylıq ərzaq, əşya və yanacaq-sürtgü materialları ehtiyatı, habelə yanğınsöndürmə avtomobillərində və anbarlarda 20 min 820 litr köpükəmələgətirən maye ehtiyatı yaradılıb.
Sonra məruzə ətrafında nazirliyin Mülki müdafiə alayı komandirinin müavini Xəyyam Muradov, Babək Rayon Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin rəis müavini Şahin İbrahimov, Şərur Rayon Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin rəisi Zamiq Məmmədov və Şahbuz Rayon Dövlət Yаnğın Təhlükəsizliyi Şöbəsinin rəisi Razim Vəliyev çıxış ediblər.