Fövqəladə hallar qurumları ilə yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın möhkəmləndirilməsi zəruridir
Bakı, 31 yanvar, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sumqayıt Regional Mərkəzi Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki 3 nömrəli tam orta məktəbdə “Fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda dəyirmi masa keçirib.
FHN-dən AZƏRTAC bildiriblər ki, tədbirdə nazirliyin Sumqayıt Regional Mərkəzinin, I Ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin, Abşeron Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları, yerli icra və özünüidarəetmə orqanlarının nümayəndələri iştirak ediblər.
Dəyirmi masada FHN-in Sumqayıt Regional Mərkəzi ilə yerli özünüidarəetmə orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən, həmçinin ortaya çıxan problemlərdən söz açılıb.
Tədbirdə çıxış edənlər fövqəladə hallar orqanları ilə yerli özünüidarəetmə qurumlarının mümkün əməkdaşlıq sahələri barədə məlumat verib və fövqəladə halların nəticələrini aradan qaldırmaqla yanaşı, qarşısının alınmasında birgə çalışmağın daha faydalı olduğunu diqqətə çatdırıblar.
Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin monitorinq qruplarının Abşeron rayonunun Mehdiabad qəsəbəsində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlərdən söz açılıb.
Sonda əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərə, həmçinin ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirlərinə dair fikir mübadiləsi aparılıb.
Dəyirmi masada Mərkəzin əməkdaşları tədbir iştirakçılarının suallarını cavablandırıb, onlara maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylayıblar.