FRANSA QƏZETİ AZƏRBAYCAN HAQQINDA YAZIR
Müəllif fransız mətbuatının gözəl bir məkan, neftlə zəngin, geniş dəniz limanı, Bakı kimi gözəl və müasir paytaxtı olan Azərbaycanla müqayisədə Ermənistana yaxın olmasından təəssüfləndiyini bildirir, ölkəmizdə fransız dilinin tədrisinin geniş yayıldığını, fransız mədəniyyətinə və ədəbiyyatına böyük maraq olduğunu xüsusi vurğulayır.
Bertran Rönuvən bildirir ki, Sovet İttifaqının süqutundan sonra yeni ərazilər iddiasına düşmüş Ermənistan ölkəmizin əzəli torpağı olan Dağlıq Qarabağı ələ keçirmək üçün Azərbaycana qarşı müharibəyə başlamışdır. Azərbaycan ərazisinin 20 faizinin işğalı nəticəsində qədim Naxçıvan diyarı blokada şəraitində yaşayır, oraya yalnız hava yolu ilə gedib-gəlmək mümkündür. Burada vəziyyətin çətin olmasına baxmayaraq, yerli əhalidə ruh düşkünlüyü hiss edilmir, əksinə, yaşamaq, işləmək və təhsil almaq istəyi böyükdür. Naxçıvanda müasir və yaraşıqlı hava limanı istifadəyə verilmişdir.
Fransız jurnalisti Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli ilə söhbətindən də danışır.
Bildirir ki, 2007-ci ildə 40 illiyini qeyd etməyə hazırlaşan universitetə bu diyarda anadan olmuş Heydər Əliyevin göstərdiyi qayğını indi Prezident İlham Əliyev davam etdirir. Universitetdə 50 tələbənin fransız dilini öyrəndiyini, Strasburqun Mark Bloş Universiteti ilə sıx əlaqə yaradıldığını xüsusi vurğulayan Bertran Rönuvən Şərur rayonunun ucqar kəndində orta məktəbdə uzun illər fransız dilini tədris edən Qasım Əsgərovla söhbətindən də bəhs edir.
Müəllif Viktor Hüqonun, Andre Moruanın, Anri Barbüsün, Alber Kamyunun və başqalarının əsərlərinin Azərbaycan dilinə tərcümə edildiyini və sevilə-sevilə oxunduğunu xatırladır.
Bakıdakı Fransa Mədəniyyəti Mərkəzindən söhbət açan jurnalist burada tez-tez sərgilər, müxtəlif mövzularda konfransların təşkil olunduğunu bildirir, fransız dilinə və mədəniyyətinə marağın daha da artmasında keçmiş Fransanın Azərbaycandakı ilk səfiri Jan-Pyer Ginyutun, habelə mədəniyyət məsələləri üzrə müşavir Gi Şevalyenin xüsusi xidmətlərini vurğulayır.
Ölkəmizə səfəri zamanı Gəncədə də olmuş Bertran Rönuvən Azərbaycan haqqında ayrıca kitab nəşr etməyi nəzərdə tutur.