Fransada uşaqların sosial şəbəkələrə girişinin qadağan edilməsi ilə bağlı yeni qanun layihəsi hazırlanıb VİDEO
Paris, 15 sentyabr, AZƏRTAC
Fransa hökuməti yaşı 15-dən az olan şəxslərin sosial şəbəkələrə girişinin qadağan edilməsini nəzərdə tutan yeni qanun layihəsini Avropa Komissiyasına təqdim edib. Bu addım əvvəlki qanun layihəsinin Fransa Konstitusiya Şurası tərəfindən ləğv olunmasından sonra atılıb.
AZƏRTAC xəbər verir ki, Fransa Prezidenti Emmanuel Makron X sosial media hesabında hökumətin texniki baxımdan ciddi iş aparıldıqdan sonra yeni mətnlə bağlı Avropa Komissiyasına müraciət etdiyini bildirib. Dövlət başçısı bu addımı uşaqların onlayn məkanda qorunması zərurəti ilə əsaslandırıb.
Makron Avropa Komissiyasının prezidenti ilə bu məsələ ilə bağlı daha sürətli və tələbkar irəliləmək barədə mövqeyini bölüşdüyünü bildirib. Onun sözlərinə görə, məqsəd qadağanı Avropa İttifaqı səviyyəsində uyğunlaşdırmaq və sosial şəbəkə platformalarının funksiyalarını daha ciddi çərçivəyə salmaqdır.
Yeni mətnin Avropa Komissiyasına təqdim olunması gələcək qanunun Avropa hüququna uyğunluğunun təmin edilməsi baxımından mühüm mərhələ hesab olunur.
Konstitusiya Şurasının avqust ayında əvvəlki qanunu ləğv etməsindən sonra Emmanuel Makron Baş nazir Sebastyan Lökornüyə həm Konstitusiya Şurasının iradlarına, həm də Avropa hüququnun tələblərinə uyğun həll yolu tapmağı tapşırmışdı.
Makron bildirib ki, heç nədən əl çəkməyəcək və bu təşəbbüsü sonadək həyata keçirmək niyyətindədir. O, yaşı 15-dən az olan uşaqlar üçün sosial şəbəkə qadağasının onun ikinci prezidentlik müddətinin sonuna qədər, yəni 2027-ci ilin yazında Yelisey sarayından ayrılanadək Fransada qüvvədə olacağına ümid edib.