Fransanın iş adamı Böyükşor gölündə görülən işlərlə tanış olub
Bakı, 13 may, AZƏRTAC
MEDEF-in biznes şurasının prezidenti, SUEZ qrupunun baş direktorunun müavini xanım Mari-Anj Döbön Bakıda Böyükşor gölündə görülmüş işlərlə tanış olub.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Fransanın iş adamı gölün kompleks bərpası layihəsi çərçivəsində gələcək planlar barədə də məlumatlandırılıb.
“Təmiz Şəhər” ASC ilə "SUEZ Environnement" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, şirkət Böyükşor gölünün bərpası layihəsi çərçivəsində neftlə çirkənmiş torpaqların təmizlənməsi, həmin torpaqların yenidən istifadəsi üzrə texniki-iqtisadi əsaslandırmaya, ilkin layihələndirməyə və ətraf mühitə təsirinin qiymətləndirilməsinə dair məsləhət xidmətləri həyata keçirəcək.
Fransanın iş adamlarından ibarət 40 nəfərlik nümayəndə heyətinin rəhbəri Mari-Anj Döbön “Təmiz Şəhər” ASC-nin idarə heyətinin sədri Zakir İbrahimovla görüşərək tərəflərin əməkdaşlıq perspektivlərini müzakirə edib.