Futzal üzrə keçirilən ikinci respublika birinciliyinin qrup mərhələsi yekunlaşıb
Bakı, 30 aprel, AZƏRTAC
Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə II respublika birinciliyinin qrup mərhələsinə yekun vurulub.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qrup mərhələsində ümumilikdə 31 ali və orta ixtisas təhsili müəssisəsinin komandaları iştirak edib. Komandalardan 21-i Bakı şəhərini, 10-u isə regionları təmsil edib.
Altı qrupa bölünərək mübarizə aparan komandaların oyunları milli olimpiya komandalarının təlim-məşq bazasında, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, Şirvan Dövlət İqtisad və Humanitar Kollecinin, Göygöl Rayon Olimpiya İdman Kompleksinin idman zallarında keçirilib.
Gərgin mübarizə şəraitində keçən yarışda hər qrup üzrə birinci və ikinci yerləri tutan 10 ali və iki orta ixtisas təhsili müəssisəsinin komandaları pley-off mərhələsinə vəsiqə qazanıb.
Qrup mərhələsi üzrə 51 oyun keçirilib.
Növbəti mərhələ üzrə oyunlar mayın 5-də start götürəcək.
Yarışda I, II və III yeri tutan komandalar diplom, kubok, medal və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Bundan başqa, təsis edilmiş 5 nominasiya üzrə seçiləcək tələbə futzalçılar da xüsusi mükafatlarla təltif olunacaqlar.
Birinciliyin keçirilməsində əsas məqsəd ali və orta ixtisas təhsili müəssisələri tələbələri arasında futzal idman növünün kütləviliyinin təmin olunması, beynəlxalq yarışlar üçün respublikanın tələbələrdən ibarət yığma komandasına namizədlərin müəyyənləşdirilməsi, ölkənin yeniyetmələrdən, gənclərdən ibarət yığma komandalarına perspektivli tələbə futzalçıların seçilməsinin təmin edilməsi və tələbələr arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir.
Birincilik Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının təşkilatçılığı, Təhsil Nazirliyi və Azərbaycan Futzal Federasiyasının dəstəyi ilə keçirilir.