Gələcəyin arxitekturası: Şəxsi və peşəkar inkişafın dizaynı - ADPU-da təlim
Bakı, 16 dekabr, AZƏRTAC
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ABŞ-ın Mədəniyyət və Təhsil üzrə Nizamnaməli İnstitutunun (CCEI) təsisçisi və İdarə Heyətinin sədri, mədəni diplomatiya, qlobal idarəetmə və institusional inkişaf sahəsində beynəlxalq səviyyədə tanınan mütəxəssis Vasif Eyvazzadənin magistrantlar üçün “Gələcəyin arxitekturası: Şəxsi və peşəkar inkişafın dizaynı” mövzusunda təlimi təşkil olunub.
Bu barədə AZƏRTAC-a universitetdən məlumat verilib.
Təlimdən əvvəl Vasif Eyvazzadə ilə ADPU-nun Təhsil menecmenti kafedrasında görüş keçirilib. Görüşdə universitetin tədris işləri üzrə prorektoru dosent Eldar Aslanov, kafedranın müdiri dosent İsrayıl İsgəndərov və əməkdaşlar iştirak ediblər. Görüş zamanı ali təhsilin idarə olunmasında müasir yanaşmalar, liderlik və təşkilati inkişaf, eləcə də mədəni və təhsilyönümlü beynəlxalq təşəbbüslər kontekstində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Daha sonra baş tutan təlimdə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, Təhsil menecmenti kafedrasının müdiri dosent İsrayıl İsgəndərov, akademik heyət üzvləri və magistrantlar iştirak ediblər. Təlim zamanı Vasif Eyvazzadə müasir dövrdə qlobal dəyişikliklər fonunda insan kapitalının inkişafı, şəxsi və peşəkar potensialın strateji planlaşdırılması, liderlik bacarıqlarının formalaşdırılması, innovativ düşüncə tərzi, ömürboyu öyrənmə və karyera inkişafının dizaynı mövzularında ətraflı təqdimatla çıxış edib.
Təlim interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb və beynəlxalq akademik və peşəkar təcrübədən nümunələr təqdim olunub. Magistrantlar bu cür maarifləndirici və tətbiqyönümlü təlimlərin onların gələcək peşəkar fəaliyyətlərinə və fərdi inkişaf strategiyalarının formalaşmasına mühüm töhfə verdiyini vurğulayıblar.