GƏNC ƏDİBLƏR MƏKTƏBİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yaradıcı gənclərə qayğı göstərilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına müəyyən tapşırıqlar vermişdir. Həmin vəzifələrin icrası ilə əlaqədar nazirlik Gənc Ədiblər Məktəbi yaratmış və onun fəaliyyət planını təsdiq etmişdir.
Gənc Ədiblər Məktəbi M.F.Axundov adına Azərbaycan Milli Kitabxanada fəaliyyət göstərir. Layihə Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyi tərəfindən əlaqələndirilir.
Gənc Ədiblər Məktəbinin yaradılmasının məqsədi ədəbi yaradıcılıq sahəsində fəaliyyət göstərmək arzusunda olan, bu sahədə ilk addımlarını atan 15-35 yaşlıları bir araya gətirmək, imzalarını üzə çıxarmaq, ümidverici gənclərin yaradıcılıq vərdişlərini inkişaf etdirmək, onları tanıtmaq, əsərlərinin əcnəbi dillərdə işıq üzü görməsini dəstəkləməkdən və s. ibarətdir. Eyni zamanda, gənc yazıçı və publisistlərin əsərlərinin nəşri, onların yaradıcılığına aid TV verilişlərinin hazırlanması, gənc yazıçı, şair, tənqidçi, publisist və dramaturqlarla oxucu görüşlərinin təşkili, onların əsərlərinin müsabiqələr yolu ilə fərqləndirib mükafatlandırılması, ədəbi gəncliyin hər il 10 günlük yaradıcılıq seminarlarının keçirilməsi, qələm təcrübələrindən ibarət almanaxların çapı, beynəlxalq ədəbiyyat festivallarında iştiraka şərait yaradılması, ustad dərsləri də Gənc Ədiblər Məktəbinin başlıca fəaliyyət istiqamətlərindəndir.
Gənc Ədiblər Məktəbi məşğələlərini ayda bir dəfə, ilk şənbə günü keçirir.
Bir illik fəaliyyətin yekununa görə üç ən istedadlı gəncə 6 aylıq təqaüd təyin edilir. Məşğələlərdə gənc ədiblərin əsərləri müzakirə olunur, konkret və aktual mövzulara aid ustad dərsləri keçilir, əsərlərin mətbuatda dərci, efirdə nümayişi təşkil edilir, nəşr olunmaq üçün seçilir.
İki illik fəaliyyətin yekunlarına görə müəyyən yaradıcılıq vərdişlərinə yiyələnmiş gənclərə nazirliyin sertifikatları verilir.
Gənc Ədiblər Məktəbinə üzv olmaq istəyənlər Mədəniyyət və Turizm Nazirliyində 493 06 80, Azərbaycan Yazıçılar Birliyində 493 62 35, M.F.Axundov adına Milli Kitabxanada 493 40 03 nömrəli telefonlara zəng edə bilərlər.
Məktəbin ilk məşğələsi iyulun 1-də saat 15.00-da M.F.Axundov adına Milli Kitabxanada keçiriləcək. Maraqlananlar dəvət olunurlar.