GƏNCƏDƏ BƏLƏDİYYƏLƏRİN ROLUNA HƏSR OLUNMUŞ NÖVBƏTİ SEMİNAR-MÜŞAVİRƏ KEÇİRİLMİŞDİR
Gəncə və Naftalan şəhərlərinin, Tovuz, Qazax, Ağstafa, Gədəbəy, Şəmkir, Samux, Xanlar, Goranboy, Daşkəsən rayonlarının bələdiyyə sədrlərinin, icra hakimiyyəti, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən seminar- müşavirəni giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov açmışdır.
Prezidentin İcra Aparatının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin bələdiyyələrlə iş sektorunun müdiri Ramiq Həşimovun müzakirə olunan mövzu ilə bağlı geniş məruzəsi dinlənilmişdir. O xatırlatmışdır ki, ölkəmizdə yerli özünüidarəetmə orqanlarının yaranma tarixi cəmi 7 ildir. Avropa ölkələrində onların bir, bəzilərində isə iki əsrlik tarixi var. Bununla belə, Azərbaycanda bələdiyyələr qısa vaxt ərzində heç də az təcrübə toplamamışdır. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə demokratik dəyərlərə və prinsiplərə uyğun olaraq hazırlanmış Azərbaycan Respublikasının Konstitusiyasında ilk dəfə olaraq özünüidarəetmə orqanlarına aid müddəalar öz əksini tapmış və bu sahədə müvafiq normativ hüquqi aktlar qəbul olunmuşdur. 1999-cu və 2004-cü illərdə bələdiyyə orqanlarına keçirilən seçkilər onu göstərdi ki, Azərbaycanda bu qurumun gələcəyinə xalq arasında böyük inam vardır.
Məruzəçi ölkəmizdə bələdiyyə təsisatının inkişafına dövlət başçısı İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğıdan danışaraq bildirmişdir ki, ötən qısa vaxt ərzində yerli özünüidarəetmə haqqında Avropa xartiyasına əsaslanaraq, bələdiyyələrin statusu haqqında qanun qəbul olunmuş, burada bələdiyyələrin vəzifələri və hüquqları ətraflı göstərilmişdir. Azərbaycanda bələdiyyələrin assosiasiyalarının yaradılması gündəlikdə durur və bununla bağlı qəbul edilmiş qərarlar beynəlxalq qurumlar tərəfindən müsbət qarşılanmışdır.
Məruzəçi ölkə Prezidenti İlham Əliyevin Milli Məclisə seçkilərlə bağlı 2005-ci il mayın 11-də və oktyabrın 25-də imzaladığı sərəncamların əhəmiyyətindən də danışaraq qeyd etmişdir ki, bu sənədlərdəki müddəalar qarşıdakı bələdiyyə seçkilərinə də şamil olunur və bu baxımdan yerli icra, bələdiyyə, məhkəmə və digər hüquq mühafizə orqanlarının üzərinə böyük vəzifələr düşür. İndi bələdiyyə seçkilərinə hazırlığın mühüm dövrüdür. 1931 yerə 4600 nəfərə yaxın namizəd bələdiyyə üzvü olmaq uğrunda mübarizəyə qoşulmuşdur. Əsas diqqət seçkilərin demokratik keçməsinə, hər bir seçiciyə öz istəyini ifadə etməsi üçün lazımi şəraitin yaradılmasına yönəldilmişdir. Bunun üçün dairə və məntəqə seçki komissiyalarında lazımi şərait vardır.
Seminar-müşavirədə Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadənin “Yerli özünüidarəetmələrin təşkili: problemlər, vəzifələr”, insan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira Süleymanovanın “İnsan hüquqlarının təmin olunmasında bələdiyyələrin rolu”, Mərkəzi Seçki Komissiyasının üzvü Tofiq Həsənovun “Bələdiyyə seçkilərində vətəndaşların seçki hüquqlarının təmin olunması” mövzularında məruzələri dinlənilmişdir.
Sonra aparılan müzakirələrdə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar daxil olan şikayətlərin xarakteri, insan hüquq və azadlıqlarının təmin edilməsində bələdiyyələrin rolu, bələdiyyələrin işindəki nöqsanlar təhlil olunmuş, suallara cavab verilmişdir.