Gəncədə “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” konfransı keçirilir
Gəncə, 28 oktyabr, Elcan Məmmədov, AZƏRTAC
Gəncədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə “II Beynəlxalq Qastroenteroloji və Cərrahiyyə Günləri” adlı konfrans işə başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfrans TƏBİB-in tabeliyindəki Gəncə Şəhər Birləşmiş Xəstəxanası və “Qastroenterologiya və İnvaziv Endoskopiya” Elmi Araşdırmalar və Maarifçilik İctimai Birliyinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının direktoru İlkin İsmayılov konfransın açılışında çıxış edərək bildirib ki, konfransda tibb elmində baş verən yeniliklər və müalicələr haqqında ətraflı məlumat veriləcək. Müzakirələr əsasən laparoskopik əməliyyatlar haqqında olacaq. Türkiyədən dəvət olunan altı professor və Bakıdan gələn həkimlər mövzu ətrafında çıxışlar edəcəklər.
Türkiyənin Gəncədəki baş konsulu Rəcəp Öztop isə çıxışında Azərbaycan-Türkiyə qardaşlığının bütün sahələrdə olduğu kimi, tibb sahəsində də uğurla inkişaf etdiyini deyib. Bildirib ki, bu cür konfransların keçirilməsi və mütəxəssislərin əməkdaşlığı birgə fəaliyyət baxımından mühüm amildir. Baş konsul, həmçinin bu il Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Gəncədə silsilə tədbirlərin keçirildiyini də diqqətə çatdırıb.
İki gün davam edəcək konfransda Türkiyədən dəvət olunan professor heyəti, Bakıdan və Gəncə şəhərindən olan mütəxəssislər aktual mövzular üzrə çıxış edəcəklər.
Həmçinin konfransda mədə-bağırsaq xəstəliklərinin müayinə və müalicəsində tətbiq olunan yeniliklər, son tədqiqatlar barədə təqdimatlar yer alacaq.