Gənclər Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş aksiya keçirmişdir
Bakı, 3 aprel (AZƏRTAC). “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin (İB) təşəbbüsü ilə “Facebook” sosial şəbəkəsində (www.facebook.com/groups/azdebater və www.facebook.com/dvc.pu) Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “i-mob” (internet fləşmob) keçirilmişdir.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, tədbirin məqsədi 31 Mart - Azərbaycanlıların Soyqırımını Gününü dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır.
“We won`t forget, We won`t forgive, OUR HEART IS IN KARABAKH!” (“Biz unutmayacağıq, Biz bağışlamayacağıq, Bizim ürəyimiz Qarabağdadır!”) şüarı altında birləşən gənclər üzərində sözü gedən yazılar olan posterləri sosial şəbəkədə ünvanlarında yerləşdirmişlər. Əvvəlcə aksiyanı böyük kütləni əhatə edən azərbaycandilli səhifələrdə keçirdikdən sonra gənclər, posteri və şüarı xarici ali təhsil müəssisələrinin rəsmi səhifələrində (“Liberty University”, “Stanford University”, “The University of Kentucky Wildcats“,“Purdue University”, “DePaul University“, “Boston University”, “Princeton University”, “Fordham University” və s.) yaymışlar. Dörd saat ərzində “i-mob”-da 100-dən artıq gənc iştirak etmiş, şüar 826 min 951 nəfər ümumi auditoriyası olan yerli və xarici səhifələrdə paylaşılmışdır.
“i-mob” aksiyasının fəal iştirakçılarından Orxan Müzəffərli bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini qeyd edərək bildirmişdir ki, iştirak etdiyimiz “i-mob” “El bir olsa dağ oynadar yerindən” misalını bir daha sübut etdi. Düşünəndə ki, yaşadığımız dünya texnologiya və internet dünyasıdır, bu tərzdə keçirilən aksiyaların əhəmiyyətini anlamaq olar. Ən əsası odur ki, günün çox hissəsini “Facebook” sosial şəbəkəsində keçirən bəzi gənclərimiz heç olmazsa, birgünlük hamımız üçün vacib olan məsələlər ətrafında toplandılar, fəallaşdılar və Vətənimiz üçün kiçik, ancaq vacib bir addım atdılar. Bu isə, çox müsbət və əlamətdar hadisədir.”