Gənclər Təşkilatları Milli Şurası Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsinə qoşulub
Bakı, 30 may, AZƏRTAC
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) BMT-nin Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsinin yaranması təşəbbüsünə qoşulub və qurucu üzvlərdən biri kimi bu qurumun işində fəal iştirak edir. Şəbəkədə Şuranı baş katib Məryəm Məcidova təmsil edəcək.
ARGTMŞ-dan AZƏRTAC-a bildiriblər ki, Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsi gənclər şuraları, məsləhət komitələri, gənclər parlamentləri kimi yerli gənclərin təmsilçiliyi modelləri üçün qlobal platformadır.
Şəbəkənin ilk konfransında “Yerli gənclər nümayəndəliyi”, “İqlim dəyişikliyi”, “Humanitar böhrana gənclərin reaksiyası”, “Mənzil və şəhərləşmə planlaşdırılması”, “Gənclərin sülh və təhlükəsizliyi” və digər mövzular müzakirə olunub.
Gənclər Şurası icmanın qərar qəbul etməsi ilə məşğul olan platformadır. Gənclər şuraları hökumətlər, qeyri-hökumət təşkilatları, məktəblər və digər qurumlar arasında yerli, dövlət, bölgə, regional, milli və beynəlxalq səviyyədə mövcuddur. ARGTMŞ bu qurumda Milli Gənclər Şurasının funksiyasını həyata keçirir. Dünya Şəhər Gənclər Şuraları Şəbəkəsinin üzvləri dörd fəaliyyət sahəsi üzrə BMT-nin məskunlaşma proqramı administrasiyası və digər qurumları ilə birgə çalışacaqlar.