Gənclər və İdman Nazirliyində İslam Əməkdaşlıq Təşkilatının nümayəndələri ilə görüş keçirilib
Bakı, 25 may, AZƏRTAC
Gənclər və idman nazirinin müavinləri İntiqam Babayev və Fərhad Hacıyev İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan, təşkilatın icraçı direktoru Rəsul Ömərov və İƏT Avrasiya Regional Mərkəzinin icraçı direktoru Elməddin Mehdiyev il ə görüşüblər.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə İ.Babayev ölkəmizlə İƏT arasında qarşılıqlı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq deyib: “44 günlük Vətən müharibəsində ölkəmizin haqq səsini müdafiə edən beynəlxalq təşkilatlar arasında İƏT-in siyasi və diplomatik dəstəyini hiss etdik. Azərbaycanın İƏT ilə gənclər sahəsində əməkdaşlığının pandemiyadan sonra daha da genişlənəcəyinə ümidvarıq”.
İ.Babayev qonaqlara pandemiya dövründə gənclər siyasəti sahəsində görülən işlər barədə məlumat verib.
İƏT Gənclər Forumunun prezidenti T.Ayhan nazir Azad Rəhimovun vəfatından kədərləndiklərini ifadə edib. O bildirib ki, A.Rəhimov təkcə Azərbaycanın deyil, bütün İslam Əməkdaşlıq Təşkilatında gənclər və idman siyasətində böyük xidmətləri olan insan idi.
Söhbət zamanı qonaqlar Şuşanın 2022-ci ildə “İslam dünyasının gənclər paytaxtı” elan olunması təşəbbüsü ilə İƏT qarşısında çıxış etmək arzusunda olduqlarını bildiriblər.
Nazir müavini F.Hacıyev qeyd edib ki, tarixi torpaqlarımız işğaldan azad edildikdən sonra həmin bölgədə yenidənqurma işlərinə start verilib. Yaxın gələcəkdə Şuşada, eləcə də Qarabağın digər şəhərlərində beynəlxalq gənclər tədbirlərinin təşkili mümkün olacaq.
Görüşdə təşkilatla ölkəmiz arasında əməkdaşlıq, eləcə də qarşıdakı mühüm tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim edilib.