Gənclər və İdman Nazirliyinin yanvar-avqust aylarındakı fəaliyyətinin nəticələri açıqlanmışdır
Bakı, 3 sentyabr (AZƏRTAC). Sentyabrın 3-də Gənclər və İdman Nazirliyinin bu ilin yanvar-avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizdə gənclər və idman sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrdən söhbət açılmışdır.
Nazir Azad Rəhimov bildirmişdir ki, bu müddətdə gənclərlə bağlı, ümumilikdə, 90-dan artıq tədbir həyata keçirilmişdir. Bunlardan 18-i beynəlxalq əhəmiyyətli, 30-dan çoxu isə respublika miqyaslı olmuşdur. Bu tədbirlərdə Azərbaycandan 200 mindən artıq gənc, 50 ölkədən 1000-dək nümayəndə iştirak etmişdir. Eyni zamanda, “Mən azərbaycanlıyam”, “Böyük səhnə”, “MAG” və ”Xəmsə” telelayihələri efirdə nümayiş olunmuşdur. Gələcəkdə isə daha 3 telelayihə hazırlanacaqdır. Hazırda “Böyük səhnə” və “Böyük yarışlar” oyunlarının növbəti mövsümü başlanır. Bakıda, eləcə də Lənkəran, Göygöl və Xaçmaz rayonlarında keçirilmiş düşərgələrdə 2600-dən çox yeniyetmə və gənc iştirak etmişdir.
Son 10 ildə dövlət gənclər siyasəti sahəsinə ayrılmış büdcənin 100 dəfə artırıldığını diqqətə çatdıran nazir bildirmişdir ki, ilk dəfə olaraq gənclərə sosial xidmət göstərən Gənclər evlərinin inşasına başlanılmışdır. 2006-cı ildən keçən dövrdə artıq 19 belə müəssisə yaradılmış, növbəti 3 ildə bunların sayının 2 dəfə artırılması nəzərdə tutulmuşdur.
A.Rəhimov bildirmişdir ki, ötən 10 ildə gənclər təşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə çatmışdır. Gənclərin təşəbbüslərini və ictimai fəallığını stimullaşdırmaq məqsədi ilə onların layihələrinə ayrılmış maliyyə vəsaitləri 38 dəfəyədək artırılmışdır. Gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi üçün 2013-cü ildə 71 gənclər təşkilatına 1 milyon 500 min manat məbləğində qrant ayrılmışdır.
Qeyd edilmişdir ki, təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə 197 min tələbəyə 30 ölkədə 80 min obyektdən imtiyazlı istifadə etmək hüququ verən vahid tələbə kartının pulsuz paylanılmasına başlanılmışdır. Gənclərin beynəlxalq əməkdaşlığı əhəmiyyətli dərəcədə genişlənmiş, ikitərəfli və çoxtərəfli əlaqələrin olduğu dövlətlərin sayı 63-ə çatmışdır. Hər il ölkəmizə gənclərlə bağlı tədbirlərə gələnlərin və xarici ölkələrə göndərilən gənclərin sayı artmaqdadır. Hazırda il ərzində mübadilədə orta hesabla 2 minədək gənc iştirak edir ki, bu da 2003-cü illə müqayisədə 20 dəfə çoxdur.
Diqqətə çatdırılmışdır ki, martın 27-dən 30-dək Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAIF) İtaliyada “Azərbaycan 2020. Gənclərin baxışı” mövzusunda tədbir keçirmişdir. Roma forumunda 500-ə yaxın tələbə və məzun, İtaliyanın və Azərbaycanın dövlət rəsmiləri, gənclər təşkilatlarının rəhbərləri iştirak etmişlər.
Davos Forumu çərçivəsində Azərbaycanda gənc liderlərin görüşü təşkil edilmişdir. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva iştirak etmişdir. Bundan əlavə, gənclər arasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev mənim üçün kimdir?” mövzusunda esse yazı müsabiqəsi keçirilmişdir. “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda keçirilmiş esse yazı müsabiqəsinin Almaniya, Litva, Xorvatiya, Mərakeş, Misir, ABŞ, Braziliya, Cənubi Afrika Respublikasından olan qaliblərinin ölkəmizə səfərləri təşkil edilmişdir.
Bildirilmişdir ki, iyunun 13-dən 16-dək Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Gənc liderlərin formalaşmasında şəxsiyyətlərin rolu” mövzusunda Beynəlxalq Gənclər Forumu keçirilmişdir. Forumda Azərbaycanın gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, 28 ölkədən gənclər iştirak etmişlər. Gənclər arasında elmi araşdırmaların təbliğinin gücləndirilməsi və gənc alimlərin elmi araşdırmalarının cəmiyyətə təqdim olunması məqsədi ilə Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti ilə birgə “Gənc alimlərin əsərləri” jurnalının 6-cı nömrəsi 500 nüsxədə çap olunmuşdur.
Məlumat verilmişdir ki, ilin əvvəlindən indiyədək idman növləri üzrə yığma komandalarımız hər biri 12 gündən az olmayaraq 52 təlim-məşq toplanışlarında iştirak etmişlər. Respublikada fəaliyyət göstərən federasiyalar ilə birlikdə ölkəmizdə 125 respublika yarışı, 20 beynəlxalq yarış keçirilmişdir. Xarici ölkələrdə keçirilən yarışların 158-də yığma komandalarımızın iştirakı təmin olunmuşdur. İdmançılarımız Rusiyanın Kazan şəhərində keçirilmiş 27-ci Dünya Universiadasında 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış və ümumi siyahıda 15-ci olmuşlar. Gənc idmançılarımız isə Hollandiyanın Ultrext şəhərində Olimpiya Festivalında çıxış edərək Vətənə 2 qızıl və 1 bürünc medalla dönmüşlər. Hazırda gənc idmançılarımız sentyabrın 22-dən oktyabrın 2-dək İndoneziyada keçiriləcək İslam Ölkələrinin Həmrəylik Oyunlarına hazırlaşırlar. Azərbaycan bu oyunlara 130 nəfərlik nümayəndə heyəti ilə yollanacaqdır.
İdmançılarımız 2013-cü ildə dünya və Avropa çempionatlarında, birinciliklərində, kubok yarışlarında 70 qızıl, 86 gümüş və 96 bürünc medal qazanmışlar.
Tədbirdə 2015-ci ildə Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərindən də danışılmışdır. Qeyd edilmişdir ki, bu il iki dəfə Təşkilat Komitəsinin iclası keçirilmişdir. Bundan başqa, Koordinasiya Komissiyasının da bir neçə dəfə iclası olmuşdur. Hazırda 2015-ci ildə keçiriləcək şahmat üzrə dünya kubokuna, 2016-cı ildə reallaşaq Dünya Şahmat Olimpiadası, gələn il baş tutacaq atletika üzrə Avropa birinciliyi kimi nüfuzlu beynəlxalq yarışlara hazırlıq davam edir. Gələn ilin aprelində dünya idman jurnalistləri təşkilatı olan AİPS-in 77-ci konqresi də Bakıda keçiriləcəkdir. Eyni zamanda, diqqətə çatdırılmışdır ki, 2013-2016-cı illər üçün Azərbaycan Respublikasının Vahid İdman Təsnifatı hazırlanmışdır.
Bildirilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə Beynəlxalq Olimpiya Akademiyası arasında Olimpiya təhsili sahəsində əməkdaşlıq haqqında razılıq əldə olunmuşdur. Həmin razılığa əsasən, iyun ayında Beynəlxalq Olimpiya Akademiyasının gənc iştirakçılar üçün 53-cü sessiyasında Azərbaycandan 6 nəfər iştirak etmişdir. Avqustun 2-dən 13-dək isə Yunanıstanın Olimpiya şəhərindəki Beynəlxalq Olimpiya Akademiyasında Azərbaycandan olan 40 nəfər gənc məşqçi-müəllim, fəal gənclər və könüllülər üçün Olimpiya Yay Məktəbi təşkil edilmişdir.
Nazirliyin gənclər və idman sahələrində beynəlxalq əlaqələrin genişləndirilməsi və inkişaf etdirilməsi məqsədilə BMT, Avropa Şurası, İƏT, GUAM, MDB və digər beynəlxalq təşkilatlarla, ayrı-ayrı ölkələrin gənclər və idman siyasəti ilə məşğul olan dövlət orqanları ilə apardığı işlərin davam etdirildiyi də diqqətə çatdırılmışdır.
Bildirilmişdir ki, bu il Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Albaniya Respublikasının Turizm, Mədəniyyət, Gənclər və İdman Nazirliyi arasında 2013-2015-ci illərdə gənclər və idman sahələrində əməkdaşlıq proqramı, habelə Gənclər və İdman Nazirliyi ilə Xorvatiyanın və Braziliya Federativ Respublikasının müvafiq nazirlikləri arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Bundan əlavə, Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində təşkil olunmuş sərgidə və iclaslarda Azərbaycanın idman imkanlarının təbliği, 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın vəziyyəti və Bakı şəhəri haqqında da məlumatlar təqdim olunmuşdur. Martın 13-15-də Bakı səhərində UNESCO-nun idmana məsul nazir və yüksək səviyyəli məmurların 5-ci beynəlxalq konfransının yekun iclası keçirilmişdir. Bu ilin may ayında Gürcüstanın, iyulda isə Serbiyanın və İranın gənclər və idmana məsul nazirləri ölkəmizdə rəsmi səfərdə olmuşlar.
Ölkəmizdə idman infrastrukturunun genişləndirilməsinə xüsusi diqqət yetirildiyini vurğulayan nazir demişdir ki, dövlətimizin başçısının iştirakı ilə mayın 1-də Qobustan İdman Kompleksinin, iyulun 1-də Şirvan şəhərində, iyulun 19-da Xaçmazda və avqustun 16-da Qaxda olimpiya idman komplekslərinin açılış mərasimləri keçirilmişdir. Aprelin 16-da isə Mingəçevirdə Gənclər evi istifadəyə verilmişdir. Hazırda regionlarda, o cümlədən Göygöl, Ağcabədi, Abşeron və Saatlıda olimpiya idman komplekslərinin tikintisi davam etdirilir. Goranboy, Neftçala və Tərtər olimpiya idman komplekslərinin, Yardımlı və Qala idman komplekslərinin tikintisinin və Lənkəran Olimpiya İdman Kompleksinin yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanır və yaxın vaxtlarda tikintiyə hazırlıq işlərinə başlanılacaqdır. Bakının Nərimanov rayonunda Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi üçün torpaq sahəsi ayrılmış və ilkin layihələndirmə işləri həyata keçirilir. Bakıda Su İdmanı Sarayının, Gimnastika Kompleksinin, Respublika İdman Tibb Mərkəzinin və 65.000 tamaşaçı tutumu olan futbol stadionunun tikintisi davam etdirilir.
Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunları ilə əlaqədar Heydər Əliyev adına İdman Konsert Kompleksinin və Bakı İdman Sarayının yenidən qurulması, Stend Atıcılığı üzrə İdman Kompleksinin sökülərək yenidən qurulması, Bakı Ekspo Mərkəzinin təyinatının dəyişdirilməklə idman yarışları üçün müvəqqəti qurğuların quraşdırılması və müvafiq idman yarışları infrastrukturunun yaradılması işlərinə başlanılmışdır.
Mətbuat konfransında “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən, Binəqədi, Xəzər, Sabunçu, Qaradağ və Suraxanı rayonlarında Gənclər evlərinin tikintisi işlərinin davam etdirildiyi, Bakı və Bakıətrafı qəsəbələrdə 5 mini futbol meydançası, 6 idman zalı, 3 idman zalı və mini futbol meydançasının inşa ediləcəyi qeyd edilmişdir.
Bildirilmişdir ki, bu il Daşkəsən rayonunda Gənclər üçün təlim və istirahət mərkəzinin istifadəyə verilməsi nəzərdə tutulur. Naxçıvan, Gəncə, Sumqayıt, Şirvan, Bərdə, Tovuz və Qubada isə Gənclər evlərinin inşası aparılır. Şəki və Şamaxıda isə yaxın zamanlarda Gənclər evlərinin tikintisinə başlanılacaqdır.