“Gənclərin beynəlxalq ekoloji düşərgəsi”nin iştirakçıları ekologiya parkında olmuşlar
Bakı, 10 iyul (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin, “Təbiət Dostları” Gənclər Təşkilatının və “İDEA” Kampaniyasının təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Gənclərin beynəlxalq ekoloji düşərgəsi”nin iştirakçıları Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin ekoparkında olmuşlar.
AZƏRTAC xəbər verir ki, iştirakçılar ekologiya mərkəzində
təhlükəsizlik təlimatı ilə tanış olduqdan sonra “ARDNŞ-in ekoloji layihələri” mövzusunda təqdimat materialı nümayiş etdirilmişdir.
Sonra qonaqlara ekoparkın yaradılmasının məqsədi, parkın istehsalat sahələri və infrastrukturu barədə məlumat verilmişdir.
Tədbir iştirakçıları ekoparkda quraşdırılan külək generatorları, günəş batereyaları və tətbiq olunan digər texnologiyalar barədə ətraflı məlumat almışlar. Düşərgə iştirakçılarına parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin, bioekoloji xüsusiyyətləri və becərilmə üsulları haqqında geniş məlumat verilmişdir.
Tədbirin sonunda xatirə şəkilləri çəkdirilmiş və bütün tədbir iştirakçılarına idarənin xüsusi hədiyyələri təqdim olunmuşdur.
Bu düşərgə MDB ölkələrinin 2013-2014-cü illər üçün nəzərdə tutulan sosial-humanitar sahədə əməkdaşlığın prioritet tədbirlər planına uyğun olaraq həyata keçirilir. Tədbirdə iştirak etmək üçün MDB ölkələrindən 80 nəfərdən çox gənc ekoloq cəlb edilmişdir. Düşərgənin təşkilinin məqsədi ölkəmizdə və dünyada ekoloji düşüncəni gücləndirmək, gənclərin ətraf mühitə və ekologiyaya qarşı məsuliyyətini artırmaq, eləcə də Azərbaycanda ekoloji layihələrin həyata keçirilməsinə daha intensiv təkan verməkdir.