Gənclərin “Ətraf mühit üçün təkrar istifadə” yay düşərgəsi başa çatmışdır
Bakı, 1 avqust (AZƏRTAC). “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyinin (İB) gənclər üçün təşkil etdiyi “Ətraf mühit üçün təkrar istifadə” yay düşərgəsi başa çatmışdır.
İB-dən AZƏRTAC-a bildirmişlər ki, gənclərin yay düşərgəsi IDEA Kampaniyası, Göyçay Rayon İcra Hakimiyyəti, “İrəli” İctimai Birliyi, “USA Education” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya idarəsinin dəstəyi ilə həyata keçirilmişdir.
Məqsəd gəncləri yaşadıqları şəhərin təmizliyi üçün məsuliyyətli olmağa həvəsləndirmək, o cümlədən gənclərin ətraf mühitə qarşı məsuliyyətini artırmaq və onlara ekoloji biliklər vermək olmuşdur.
Yay düşərgəsində müsabiqə yolu ilə seçilmiş 30 gənc üçün təmiz ekologiya, tullantısız ətraf mühit və sağlam həyat tərzi üzrə təlimlər keçirilmişdir. Bundan əlavə, gənclərə plastik materialların ətraf mühit üçün yaratdığı təhlükələrlə bağlı biliklər verilmişdir.
Düşərgənin sonuncu günündə iştirakçılar Bakının Qala qəsəbəsindəki ekoparkda ARDNŞ-in ekoloji layihələri ilə tanış olmuşlar. Burada onlara alternativ enerji və digər müasir texnologiyalar, eləcə də ekoparkın yaradılmasının məqsədi, istehsalat sahələri və infrastrukturu barədə məlumat verilmişdir.
Düşərgə iştirakçıları, həmçinin ekoparkda quraşdırılan külək generatorları, günəş batareyaları və tətbiq olunan digər texnologiyalar, habelə parkın qapalı şitilxana kompleksində yetişdirilən müxtəlif növ bitkilərin becərilmə üsulları haqqında da məlumatlandırılmışlar.