“Gənclik Mall” Ticarət Mərkəzində maarifləndirici-tibbi aksiya təşkil olunub
Bakı, 23 dekabr, AZƏRTAC
Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Elmi-Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə dekabrın 23-də “Gənclik Mall” Ticarət Mərkəzində əhali üçün maarifləndirici-tibbi aksiya təşkil olunub.
AZƏRTAC Səhiyyə Nazirliyinin rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, aksiya iştirakçılarına mütəxəssislər tərəfindən infarkt və ürək-damar sistemi xəstəlikləri haqqında məlumat verilib. Qeyd edilib ki, son illər dünyada ürək-damar sistemi xəstəliklərinin cavanlaşması müşahidə olunur, bu da səhv qidalanma, qeyri-sağlam həyat tərzi, ətraf mühitin və ekologiyanın çirklənməsi, həmçinin vətəndaşların vaxtında müvafiq profilaktik müayinələrdən keçməməsi ilə əlaqədardır.
Aksiya çərçivəsində portativ aparatlar vasitəsilə vətəndaşlar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının müəyyən olunması) dəvət edildilər, onlara həkim və kardioloqlar, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.