“GəncVİZYON” ideyatonu keçirilib VİDEO
Bakı, 6 fevral, Nailə Həsənova, foto Azər İbrahimov, AZƏRTAC
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən keçirilən Azərbaycan Gəncləri Gününə həsr olunmuş “GəncVİZYON” ideyatonu başa çatıb.
AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi gənclərin yaradıcı və innovativ potensialını üzə çıxarmaq, onları real problemlərə praktiki və dayanıqlı həllər təklif etməyə təşviq etmək, komanda işi, liderlik, təqdimat və ünsiyyət bacarıqlarını gücləndirmək olub.
“GəncVİZYON” ideyatonunun fevralın 4-də keçirilən ilkin mərhələsində 240 gənc 40 komanda şəklində mentorların dəstəyi ilə gələcəyin təhsili və bacarıqları, gənclərin məşğulluğu və sahibkarlıq, rəqəmsal gələcək və süni intellekt, sosial təşəbbüslər və könüllülük, eləcə də yaşıl və dayanıqlı gələcək kimi istiqamətlər üzrə ideyalarını formalaşdırıblar.
Daha sonra mentorların dəyərləndirməsi nəticəsində hər istiqamət üzrə 2 komanda olmaqla, ümumilikdə 10 komanda final mərhələsində iştirak hüququ qazanıb.
Dəyərləndirmə zamanı ideyaların innovativliyi, sosial təsiri, reallığa uyğunluğu və strateji yanaşması əsas meyarlar kimi nəzərə alınıb.
İdeyatonun fevralın 6-da keçirilən final mərhələsində isə komandalar ideyalarını təkmilləşdirərək münsiflər heyətinə təqdim ediblər.
Münsiflər heyətinin qərarına əsasən 3 komanda qalib elan olunub.
Final mərhələsinin bağlanış mərasimində çıxış edən Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisinin deputatı Göydəniz Qəhrəmanov, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rüstəm Həsənov, "Nar"ın Korporativ Ünsiyyət və PR Departamentinin Direktoru Hökümə Kərimova ideyatonun əhəmiyyətindən, gənclərin strateji düşüncə və gələcəyə yönəlik baxışlarının formalaşdırılmasında bu cür təşəbbüslərin rolundan, yaradılan imkanlardan və perspektivlərdən bəhs ediblər.
İdeyatonun yekununda qalib komandalar mükafatlandırılıb.
Qeyd edək ki, “GəncVİZYON” ideyatonu Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, “Böyük Qayıdış” Gənclər Təşkilatı, “CAVAN” Gənclər Hərəkatı, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı və “Nar”ın tərəfdaşlığı ilə həyata keçirilib.