Azərbaycan Kubokunda antirekordun təkrarı: 4 oyuna cəmi 4 qol
Bakı, 6 fevral, AZƏRTAC
Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları aşağı məhsuldarlıqla əlamətdar olub.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirilib ki, dörd qarşılaşmada cəmi 4 top vurulub.
“Şamaxı” “Qarabağ”a 2:1, “Turan Tovuz” “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəlib. “Sumqayıt” – “Zirə” və “Sabah” – “Qəbələ” qarşılaşmaları qolsuz bitib. Orta məhsuldarlıq 1,00-a bərabərdir.
Bu, 4 matçın keçirildiyi ilk oyunlar üçün antirekordun təkrarıdır. Elə ötən mövsümdə də eyni sayda qol qeydə alınıb – “Səbail” – “Qarabağ” – 0:1, “Sabah” – “Sumqayıt” – 0:0, “Kəpəz” – “Neftçi” – 0:2, “Araz-Naxçıvan” – “Zirə” – 1:0.
Bunadək isə 2004/2005-ci illər mövsümündə də 1/4 finalın ilk 4 görüşü 4 qolla bitib – “Neftçi” – “İnter” – 0:0, “Gənclərbirliyi” – “MKT-Araz” – 0:0, MOİK – “Xəzər Lənkəran” – 0:1, “Karat” – “Bakı” – 1:2.
Düzdür, bu raundda daha az – cəmi 2 qol vurulması da olub. Amma 1997/1998-ci illər mövsümündə 1/4 finalın ilk oyunlarından üçü baş tutub, birində isə texniki nəticə qeydə alınıb. Orta məhsuldarlıqda antirekord olsa da, ümumi oyun sayı da az olub – “Dinamo” – “Qarabağ” – 0:0, “Kəpəz” – “Bakılı” – 0:0, MOİK – “Neftçi” – 1:1, “Pambıqçı” (Bərdə) – “Kür-Nur” - 3:0.
Qeyd edək ki, 1/4 finalın cavab oyunlarında da ən az qolun qeydə alındığı mövsümlərdə 4 top vurulub. 1996/97 və 1999/2000-ci illər mövsümlərində belə aşağı məhsuldarlıq yaşanıb.
Bundan əlavə, “Şamaxı” ölkə kubokunda 60-cı qələbəsini qazanıb. Bu, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ”a qarşı ev matçına təsadüf edib. Şamaxının eyniadlı klubu 2:1 hesabı ilə qalib gəlib. Əvvəllər “Xəzər Universiteti”, “İnter” və “Keşlə” adlarını da daşımış klub 60-cı qələbəsini 115-ci oyununda əldə edib. “Şamaxı” evdə 34, səfərdə 24, neytral meydanda 2 dəfə qalib gəlib. Bu, yarışın tarixində 4-cü nəticədir. Yalnız “Qarabağ”, “Neftçi” və “Kəpəz”in hesabında daha çox qələbə var. Qeyd edək ki, “Şamaxı” ilk qələbəsini 2001/2002-ci illər mövsümündə “Ümid”lə (Bakı) 1/8 finaldakı səfər matçında qazanıb – 3:1.
“Turan Tovuz” isə Azərbaycan Kubokunda 10-cu qələbəsini qazanıb. Bu, “Kəpəz”lə ev qarşılaşmasında qeydə alınıb. Tovuz təmsilçisi Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk görüşündə 1:0 hesabı ilə qalib gəlib. Bu, klub tarixində 18-ci kubok matçında 10-cu qələbə olub. Evdə 5-ci dəfə qalib gələn qərblilər səfərdə də eyni sayda uğura malikdir. Qeyd edək ki, “Turan Tovuz” ilk qələbəsini 2015/2016-cı illər mövsümünə təsadüf edən debüt matçında qazanıb. Qərblilər səfərdəki 1/16 final görüşündə MOİK-i məğlub edib – 2:1.