Gimnastika Federasiyasının baş katibi: Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar
Quba, 27 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Federasiya tərəfindən milli yarışların bölgələrdə təşkili artıq ənənə halını alıb. Bölgədə ilk dəfə Azərbaycan çempionatı 2011-ci ildə Qusarda təşkil olunub. Ondan sonra 2016-cı ildə Mingəçevirdə də belə yarış keçirilib. Ötən il isə Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Gimnastika Federasiyasının yenidən qurulmasının 20 illiyinə həsr olunmuş gimnastikanın 6 növü üzrə birgə yarışlar təşkil edilib. Naxçıvanda bədii gimnastika üzrə yarışın təşkilini də qeyd etmək olar. Ümumiyyətlə, son illər bölgələrdə gimnastikanın inkişafı böyük vüsət alıb. Hazırda Bakıdan kənarda ölkənin müxtəlif bölgələrində 30 gimnastika bölməsi fəaliyyət göstərir.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə bildirib.
O bildirib ki, Quba Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyi də yüksək səviyyədə təşkil olunub. Bölgə idmanının inkişafına yönələn bu təşəbbüs yeniyetmə və gənclərin gimnastikaya olan marağının artmasına xidmət edir.
“Qubada keçirilən Azərbaycan birinciliyində Bakı ilə yanaşı, doqquz bölgədən idmançılar mübarizə aparır. Bölgələrdə bədii gimnastikanın inkişafı sevindirici haldır. Artıq milli komandaya bölgələrdən də gimnastlar cəlb olunurlar. Onlar arasında ötən illərdə keçirilən Avropa çempionatında komanda hesabında medal qazananlar da var. Bu, onun göstəricisidir ki, bölgələrdə də gimnastikaya böyük həvəs var. Qubada yarışı izləməyə gələn azarkeşlərin sayının çox olması da bu idman növünə marağın yüksək olmasından xəbər verir. Bütün bunlar dövlət tərəfindən Azərbaycanda idmanın inkişafına göstərilən diqqət, ölkənin birinci vitse-prezidenti, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında görülən işlərin nəticəsidir”, - deyə Nurlana Məmmədzadə bildirib.
Quba Olimpiya İdman Kompleksində keçirilən bədii gimnastika üzrə 28-ci Azərbaycan birinciliyinə oktyabrın 27-də yekun vurulacaq.