GİMNASTLARIMIZ PORTUQALİYADA YEDDİNCİ YER TUTMUŞLAR
Portuqaliyanın Portiman şəhərində keçirilən Dünya kuboku mərhələsində Azərbaycan gimnastlarının əldə etdiyi ən yaxşı nəticə yeddinci yerlər olmuşdur. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Anna Qurbanova halqa ilə hərəkətlərin finalında, Aliyə Qarayeva lentlə hərəkətlərin finalında yeddinci olmuşlar. Bundan əlavə, A.Qurbanova ip və lentlə hərəkətlərin finalında, A.Qarayeva isə gürzlə hərəkətlərin finalında səkkizinci yeri tutmuşlar.
Çoxnövçülükdə Anna Qurbanova 10-cu, Aliyə 11-ci olmuşlar. Turnirdə qızıl medala rusiyalı Alina Kabayeva, gümüş medala ukraynalı Anna Bessonova, bürünc mükafata isə rusiyalı Vera Sesina layiq görülmüşlər.
Ölkəmizin qrup komandası da 7-ci yerlə kifayətlənmişdir. Qızlarımız halqa ilə hərəkətlərin finalında Fransa yığmasını geridə qoymuşlar. Komandamız çoxnövçülükdə qarışıq hərəkətlərin icrası zamanı xeyli səhvə yol verən dünya çempionları İtaliya gimnastlarını qabaqlayaraq, 20 komanda arasında 9-cu nəticə göstərmişdir. Mükafata layiq yerləri isə Rusiya, Bolqarıstan və Belarus gimnastları tutmuşlar.
Gimnastlarımız mayın 4-6-da Burqasda Qran-pri turnirində (fərdi yarışlar) və Polşada beynəlxalq turnirdə (fərdi və qrup yarışları) iştirak edəcəklər.
Amsterdamda isə idman gimnastikası üzrə Avropa çempionatı başa çatmışdır. Belə sanballı yarışda ilk dəfə çıxış edən 18 yaşlı gimnastımız Səbuhi Aslanov çoxnövçülükdə 153 idmançı arasında 57-ci yeri tutmuşdur.
Gimnastın məşqçisi Qriqori Misyutinin sözlərinə görə, Səbuhinin çoxnövçülükdə 100-dən artıq rəqibini geridə qoyduğunu nəzərə alsaq, debütün uğurlu keçdiyini deyə bilərik. Məşqçi vurğulamışdır ki, gimnastın potensialı tezliklə üzə çıxacaqdır.
Çoxnövçülükdə rusiyalı Maksim Devyatovski, ayrı-ayrı idman alətlərində isə Rusiya, İspaniya, Macarıstan, Ukrayna, Sloveniya və Almaniya nümayəndələri Avropa çempionu olmuşlar.