“Gold Naftalan” sanatoriya kompleksi açılıb
Naftalan, 26 may, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızda müalicə-sağlamlıq turizminin beynəlxalq mərkəzlərindən biri kimi tanınan Naftalan şəhərində bundan sonra daha bir sanatoriya yerli və xarici turistlərə müasir balneoloji xidmət göstərəcək.
AZƏRTAC xəbər verir ki, Naftalan şəhərində təcrübəli personalla, o cümlədən bir qismi Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin üzvlərindən ibarət heyətlə işə başlayan “Gold Naftalan” sanatoriya kompleksinin açılışı olub.
Tədbirdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Türkiyənin Ədalət və İnkişaf Partiyasının Esenyurt rayon təşkilatının sədri Harun Özer, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları kompleksdə yaradılan şəraitlə, turistlərə göstəriləcək xidmətlərlə tanış olublar.
Bildirilib ki, ölkəmizdə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatların aparılması paytaxtla yanaşı, regionlarda da yerli və xarici sərmayədarlar üçün əlverişli şərait yaradıb. Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə respublikamızda qeyri-neft sektoru, xüsusən də turizm inkişaf edir. Bölgələrdə fəaliyyətə başlayan müasir turizm kompleksləri bu sahədə Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına şərait yaradır. Hazırda Naftalanda 3-ü beş ulduzlu olmaqla, 13 istirahət və müalicə mərkəzi fəaliyyət göstərir.
Sanatoriya kompleksinin rəhbəri Elbrus Nəsirov tərəfindən qonaqlara otel infrastrukturu və burada göstəriləcək xidmətlərlə bağlı ətraflı məlumat verilib. Sahəsi 1 hektardan çox olan kompleksin əhəmiyyətini artıran mühüm cəhətlərdən biri onun yerləşdiyi ərazidə çoxsaylı istirahət məkanlarının olmasıdır. Kompleksdə yaradılmış mini futbol meydançası, açıq və qapalı üzmə hovuzu, həmçinin Himalay dağlarından gətirilmiş xüsusi daşlardan ibarət duz otağı burada müalicə alan və istirahət edən turistlərə mükəmməl xidmət göstərməyə şərait yaradacaq. Beşmərtəbəli istirahət kompleksində bütün zəruri avadanlıqla təchiz olunmuş 288 yerlik 145 otaq var. SPA terapiya üsullarına geniş yer verilən kompleksdə, həmçinin müxtəlif restoran və kafelər fəaliyyət göstərəcək.