“Google” axtarış sisteminin yaradılmasından 19 il ötür
Bakı, 27 sentyabr, AZƏRTAC
ABŞ-ın Stenford Universitetinin “BackRub” sistemi üzərində işləyən tələbələri Larri Peyc və Sergey Brin 1998-ci ildə bu sistem əsasında “Google” tədris layihəsini yaradıblar.
AZƏRTAC “my-calend.ru” saytına istinadla xəbər verir ki, bu axtarış sisteminin yaranma gününün hansı tarixdə qeyd olunması hələ də mübahisə doğurur. Belə ki, müxtəlif illərdə sentyabr ayında bu sistem üçün üç əlamətdar hadisə baş verib. 1997-ci il sentyabrın 15-də google.com domeni rəsmən qeydiyyatdan keçib, 1998-ci il sentyabrın 7-də şirkət hüquqi şəxs statusu alıb, 2006-cı ildə isə öz bloq səhifəsində doğum gününün sentyabrın 27-də qeyd olunacağı haqqında məlumat paylaşıb.
İstifadəçilər bununla bağlı iki mülahizə irəli sürürlər: birinci versiyaya əsasən, məhz sentyabrın 27-də sistemin əsas səhifəsində ilk loqotip (tort və 4 şam) yerləşdirilib. Digər istifadəçilər hesab edirlər ki, səbəb “Yahoo” sistemi ilə indeksləşdirilmiş səhifələrin sayına görə aparılan rəqabət olub. 2005-ci ilin avqustunda “Yahoo” şirkəti “Google”u ötdüyünü bildirib. “Google” 2005-ci il sentyabrın 27-də öz liderliyini bəyan edib və məhz bu tarix hazırda “Google” axtarış sisteminin doğum günü hesab edilir.
Şirkət ad günü münasibətilə hazırladığı xüsusi “doodle”da 19 illik fəaliyyətində baş vermiş gözlənilməz hadisələr barədə məlumat verib. Hazırda bu axtarış sistemi 160 ölkədə 123 dildə danışan 4,5 milyarddan çox insana xidmət edir.