MƏDƏNİYYƏT
Görkəmli pianoçu Bakıda ustad dərsləri keçəcək
Bakı, 27 oktyabr, AZƏRTAC
Fransada yaşayan Azərbaycan diasporunun görkəmli nümayəndəsi, pianoçu, professor Adilə Əliyeva oktyabrın 30-dan noyabrın 1-dək Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinə ustad dərsləri keçəcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, professoru Bakıya Təhsil Nazirliyi dəvət edib. Məşhur musiqiçinin ustad dərslərində iştirak ödənişsizdir və əvvəlcədən qeydiyyatdan keçməklə arzusunda olanlar dərslərdə iştirak edə bilərlər. Səfər müddətində onun “ADA” Universitetinin tələbələri ilə də görüşünün keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Adilə Əliyeva Bakıda anadan olub, sonradan Moskvaya köçərək P.Çaykovski adına Konservatoriyada təhsil alıb. 25 ilə yaxındır ki, Fransada yaşayan pianoçu 50-dən çox ölkənin konsert salonlarında çıxış edib, 30-dan artıq kompakt-diskin müəllifidir. Fransa Ali Beynəlxalq Musiqi Akademiyasının direktoru olan həmyerlimizin adına iki ildən bir Fransa və İsveçrədə beynəlxalq musiqi festivalı təşkil olunur. A.Əliyevanın rəhbərlik etdiyi festivalın münsiflər heyətinə dünyanın tanınmış musiqiçiləri daxildir.
Gələn ilin martında Adilə Əliyeva adına pianoçuların 12-ci beynəlxalq müsabiqəsi keçiriləcək.