Görkəmli şahmat ustası Vüqar Həşimovun əziz xatirəsi daim ehtiramla yad olunur
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-ü Azərbaycanın görkəmli şahmatçısı qrossmeyster Vüqar Həşimovun doğum günüdür. Azərbaycan şahmat tarixinin inkişafında əvəzsiz xidmətləri olan Vüqar Həşimov yaşasaydı, bu gün 34 yaşını qeyd edəcəkdi.
Vüqar Həşimov dünyanın ən güclü şahmatçılarından biri hesab edilirdi. Onun vaxtsız vəfatı dünya şahmat aləmi üçün böyük itkidir. Azərbaycan xalqı, dünyanın şahmat ictimaiyyəti adını şahmat tarixinə qızıl hərflərlə yazdırmış Vüqar Həşimovun xatirəsini dərin hüznlə anır.
AZƏRTAC xəbər verir ki, Vüqar Həşimov 1986-cı il iyulun 24-də Bakı şəhərində anadan olub. Şahmata kiçik yaşlarından maraq göstərən Vüqar 2002-ci ildə qrossmeyster adını alıb. Dəfələrlə Azərbaycan çempionu olub, müxtəlif yaş kateqoriyalarında dünya və Avropa çempionatlarının medallarını qazanıb. Onun 2009-cu ildə Azərbaycan yığmasının heyətində qitə birinciliyinin həlledici görüşündə qələbəsi şahmat tariximizdə ilk dəfə Avropa çempionluğunun qazanılmasında həlledici rol oynayıb. Belə ki, 2009-cu ilin payızında Serbiyanın Novi-Sad şəhərində keçirilmiş Avropa çempionatını şahmat pərəstişkarları indi də yaxşı xatırlayırlar. Çempionatın sonuncu - doqquzuncu turunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz görüşlərini heç-heçə başa vurduqdan sonra bütün ümidlər Vüqar Həşimovun oyununa yönəlmişdi. Vüqarın dəqiq gedişləri hesabına Azərbaycan komandası ilk dəfə Avropa çempionatında birinci yeri tutdu.
Vüqar Həşimov uzun sürən xəstəlikdən sonra 2014-cü il yanvarın 11-də 27 yaşında dünyasını dəyişib.
2014-cü ilin aprel ayında Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq şahmat turniri təşkil edilib. Turnirdə dünyanın ən güclü şahmatçıları iştirak ediblər. Bu, dünya şahmat elitasının Vüqar Həşimovun xatirəsinə yüksək ehtiramının göstəricisidir. Həmin turnir artıq ənənəvi yarış kimi hər il təşkil edilir.
İstedadlı zəka ustasının əziz xatirəsi qəlblərdə daim yaşayacaq.