Görkəmli sənətkarın xatirəsi yad edilib
Bakı, 30 oktyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan mədəniyyət sarayında Xalq Artisti, aktyor Eldəniz Zeynalovun anadan olmasının 80 illiyinə həsr olunmuş tədbir keçirilib.
Əvvəlcə iştirakçılar sarayın foyesində Eldəniz Zeynalovun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar və sənətkara həsr edilmiş filmə baxıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə Xalq Artisti, rejissor Ramiz Həsənoğlu, Əməkdar İncəsənət Xadimi Məhərrəm Bədirzadə, Azərbaycan Dillər Universitetinin professoru Gəray Yusifov, Xəzər rayon Ağsaqqallar Şurasının sədri, tarixçi-etnoqraf Təvəkkül Səlimov, Baş İdarənin rəis müavini Gülnarə Seyidova və başqaları görkəmli sənətkarın həyat və yaradıcılığından, milli kinomuzun inkişafındakı xidmətlərindən söz açıblar.
Aktyorun oğlu Elbrus Zeynalov atası ilə bağlı xatirələrini bölüşüb və tədbirin təşkilatçılarına ailəsi adından təşəkkürünü bildirib.
Tədbir konsert proqramı ilə davam edib.