Göyçayda Vətən müharibəsinin bir qrup iştirakçısı ilə görüş olub
Göyçay, 6 yanvar, AZƏRTAC
Göyçayda Vətən müharibəsində iştirak edən və sağlamlığını qismən itirən bir qrup gənclə görüş olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin inzibati binasında sosial izolyasiya qaydalarına uyğun təşkil olunan görüşün iştirakçıları əvvəlcə Şəhidlər xiyabanını ziyarət edib, burada uyuyan döyüşçülərin məzarları üzərinə tər qərənfillər düzüblər.
Görüşdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədən danışılıb, bu münasibətlə iştirakçılara təbriklər çatdırılıb. Şanlı Qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açılıb, ordu quruculuğu sahəsində görülən işlərdən, əsgərlərimizin göstərdiyi şücaətdən bəhs edilib.
Vətən müharibəsinin iştirakçıları - Çərəkə kəndindən Coşqun Babayev, Mırtı kəndindən İlqar İsayev və Rəşad Qasımov çıxış edərək döyüş xatirələrindən danışıb, bu gün şəhidlərimizə, qazilərimizə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbirdə qazilərin qayğıları ilə maraqlanılıb, onların sosial problemlərinin həllini daim diqqət mərkəzində saxlanılacağı bildirilib.