SİYASƏT
GUAM-ın baş katibi Avropa Şurasının Ukraynadakı ofisinin başçısı ilə görüşüb
Kiyev, 1 mart, AZƏRTAC
Demokratiya və İqtisadi İnkişaf uğrunda Təşkilatın (GUAM) baş katibi Altay Əfəndiyev Avropa Şurasının (AŞ) Ukraynadakı ofisinin başçısı, səfir Vladimir Ristovki ilə görüşüb. Bu barədə AZƏRTAC-a GUAM-ın Kiyevdəki katibliyindən məlumat veriblər.
Tərəflər təmsil etdikləri təşkilatların fəaliyyətinin əsas istiqamətləri barədə məlumat mübadiləsi apararaq, əməkdaşlıq üçün maraq kəsb edən mövzuları müzakirə ediblər.
AŞ ofisinin başçısı Konstitusiya və məhkəmə sisteminin islahatları, korrupsiyaya qarşı mübarizə, polis sistemində islahatlar, ictimai toplantılar, fikir azadlığı, habelə qanun layihələrinin işlənib hazırlanması sahələrində toplanmış təcrübədən danışıb.
Qeyd edilib ki, “Şərq Tərəfdaşlığı” Proqramının iştirakçısı olan ölkələr üçün AŞ-nin xüsusi proqramları var və bu proqramlar GUAM ölkələrinə də şamil edilə bilər.
A.Əfəndiyev cinayətkarlığa qarşı mübarizənin, məsələn, korrupsiyaya, çirkli pulların yuyulması kimi istiqamətlərdə əlaqələndirilməsi məsələlərinə dair işçi qrupu çərçivəsində hüquq mühafizə orqanlarının əməkdaşlığından, habelə GUAM-ın Parlament Assambleyasının müvafiq komitələrinin fəaliyyətindən söz açıb. Üzv ölkələrdə demokratik islahatlar sahəsində əməkdaşlığın nizamlanmasına maraq ifadə olunub.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev