Güclü qar və boran Moskvada iqlim rekordlarını yeniləyib VİDEO
Moskva, 19 fevral, AZƏRTAC
“Valli” cənub siklonunun təsiri altında Rusiyanın Moskva şəhərində və vilayətində qar örtüyü rekord səviyyəyə catıb.
AZƏRTAC xəbər verir ki, Rusiya paytaxtında fevral ayı üçün, eyni zamanda, qışın əvvəlindən ən hündür qar örtüyü qeydə alınıb. Şəhərə aylıq normanın 50 faizi qədər qar yağıb.
Həmçinin ötən gecə Moskva regionunda ilin əvvəlindən bəri ən soyuq gecə kimi qeydə alınıb. Havanın temperaturu bəzi yerlərdə mənfi 29 dərəcəyədək enib. Güclü qar və boran saniyədə 17 metrə çatan küləklə müşayət olunub.
Kəskin hava şəraiti ilə əlaqədar Moskvada yollarda tıxaclar 10 bala çatıb. Paytaxtın Nəqliyyat Departamenti ve Yol Polisi sürücülərə şəxsi avtomobillərdən istifadə etməməyi məsləhət görüb.
Aviasiya xidmətlərinin məlumatına əsasən, Moskva aeroportlarına 19 reys ləğv edilib, daha 14 reys təxirə salınıb, 6 təyyarə isə ehtiyat aerodromlara yönləndirilib.
Hava şəraitinin dəyişməsi fonunda taksi xidmətlərinin qiymətləri bəzi istiqamətlərdə iki-üc dəfə artıb. Sinoptiklər günün sonunadək 56 il əvvəlki sutkalıq yağıntı rekordunun yenilənəcəyini istisna etmirlər.
Meteoroloqların proqnozuna görə, Moskvada növbəti güclü qar fevralın 23-də yağacaq.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva