Günəşdə iki yeni ləkə yaranıb
Bakı, 24 yanvar, AZƏRTAC
2017-ci ildə günəş minimumu dövrü başlanıb və günəşdə ləkələrin və alışmanın miqdarı kəskin azalır. İlin əvvəlində günəşdə cəmi üç ləkə yaranıb ki, onlardan ikisi - AR2627 və AR2628 ötən istirahət günlərində meydana çıxıb.
AZƏRTAC “gismeteo.ru” saytına istinadla xəbər verir ki, ləkələrin yaranması NASA-nın Günəş və Heliosferik Rəsədxanasının hazırladığı 48 saatlıq videomaterialda aydın görünür. İki sutka ərzində tünd sahələr o qədər çoxalıb ki, onlar hətta adi fotolarda, məsələn, Enriko Finottonun bazar günü axşam İtaliyanın Trevizo şəhərində çəkdiyi fotoşəkildə görünür. E.Finotto deyib: “Mən Günəşdə yeni ləkələri təyyarə uçan zaman çəkə bildim”.
Ləkələr C sinfi üzrə cüzi alışmalarla şənbə günü özləri barədə “anons” veriblər. Belə alışmalardan birinin (C9) şəkli NASA-nın Günəş Dinamikası Rəsədxanası tərəfindən çəkilib.
Günəş maksimumu dövründə meteoroloqlar yüz dəfələrlə güclü püskürməni müşahidə edərək bu cür zəif alışmaya əhəmiyyət verməzdilər. Lakin indi Günəşdə yeni ləkələrin yaranması və alışma halları o dərəcədə azalıb ki, hətta C9 sinfi üzrə alışma belə mütəxəssislərin diqqətini cəlb edir.