Gürcüstan Azərbaycanlıları Konqresi 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirmişdir
Bakı, 31 mart (AZƏRTAC). Gürcüstan Azərbaycanlıları Konqresi (GAK) Tbilisidə 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı “dəyirmi masa” keçirmişdir.
Tədbirdə ziyalılar, tələbələr, Tbilisi və Borçalı ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Soyqırımı qurbanlarının xatirəsi anıldıqdan sonra konqresin sədri Hüseyn Yusifov erməni daşnakların Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, ötən əsrin əvvəllərindən ermənilər xarici himayədarların dəstəyinə arxalanaraq Azərbaycan xalqına qarşı ağlasığmaz vəhşiliklər törətmiş, günahsız insanları qırmışlar. Vurğulamışdır ki, 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Ulu öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasət nəticəsində dünya ictimaiyyəti Azərbaycan həqiqətlərini dərk etmək məcburiyyətində qalır.
H.Yusifov demişdir ki, GAK Azərbaycan həqiqətlərinin gürcü ictimaiyyətinə çatdırılması istiqamətində fəaliyyətini daha da genişləndirir. Konqresin Gənclər qrupu 31 mart soyqırımı, Qarabağ həqiqətləri, Xocalı soyqırımına dair filmlərin disklərini gürcü tələbələri arasında yayır və bu materialları internetdə də yerləşdirmişdir.
Gürcüstanın Reinteqrasiya Məsələləri üzrə Dövlət Nazirliyinin məsul əməkdaşı Savalan Mirzəyev azərbaycanlıların soyqırımına həsr olunmuş “dəyirmi masa”nın Tbilisidə keçirilməsini yüksək qiymətləndirərək demişdir ki, bu qanlı tarixi heç kəs unutmamalıdır. Məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan həqiqətlərinin dünyaya çatdırıldığını vurğulayan S.Mirzəyev qeyd etmişdir ki, hər bir azərbaycanlı bu ideyalara sadiq olmalıdır.
Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşı Elbrus Orucov, Rustavi azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Xaləddin Yolçuyev və başqaları da ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımını pisləmişlər.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi