Gürcüstan parlamentində hökumətin yeni tərkibinin təsdiqi ilə bağlı müzakirələr davam edir
Tbilisi, 21 dekabr, AZƏRTAC
Gürcüstan parlamentində hökumətin yeni tərkibinin təsdiqi ilə bağlı müzakirələr davam edir.
AZƏRTAC xəbər verir ki, Baş nazirin vəzifələrini icra edən Georgi Kvirikaşvili ölkənin iqtisadi inkişafı, Avropa inteqrasiyası və regional əməkdaşlığı istiqamətində görülən işlər barədə məlumat verib.
Dekabrın 20-də parlamentdəki komitələrdə və fraksiyalarda çıxış edən Georgi Kvirikaşvili hökumətin gördüyü işlər və nəzərdə tutulmuş layihələr barədə danışıb. Bu gün isə o, fraksiyalarda görüşlərini davam etdirib və parlament qarşısında çıxış edib. O, Gürcüstanın Avratlantik məkana və NATO-ya inteqrasiyasından, region dövlətləri ilə münasibətlərindən danışıb, Gürcüstanın regionda həyata keçirilən layihələrdə iştirakını, Azərbaycanın bu layihələrdəki rolunu xüsusi qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Georgi Kvirikaşvili Gürcüstan hökumətində struktur dəyişiklikləri barədə cəmiyyətə məlumat vermiş, hökumətin yeni tərkibini parlamentə təqdim etmişdi.
Dekabrın 22-də parlament hökumətin yeni tərkibinə münasibət bildirəcək.
Hakim partiyanın deputatı Mahir Dərziyev AZƏRTAC-a açıqlamasında deyib ki, “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üzvləri artıq hökumətin yeni tərkibinə ilkin razılığını bildirib, G.Kvirikaşvilinin də Baş nazir postunda qalması məqbul sayılıb.
Hakim partiyanın digər deputatı Ruslan Hacıyev isə bildirib ki, G.Kvirikaşvilinin rəhbərlik etdiyi hökumətin gördüyü işlər göz önündədir. Cəmiyyətin böyük əksəriyyəti bunu qəbul edir. Hakim partiyanın üzvləri də bir komanda olaraq onun Baş nazir vəzifəsində qalmasına səs verəcək və hökumətin yeni tərkibini dəstəkləyəcək.
Qeyd edək ki, dekabrın 20-də parlamentdə keçirilən dinləmələrdə Baş nazir ilə “Vahid Milli Hərəkat” partiyasının deputatı arasında qalmaqal yaşanmışdı. Baş nazir G.Kvirikaşvili dünən axşam yaşananlara və işlətdiyi sərt ifadələrə görə ictimaiyyətdən üzr istəyib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi