Gürcüstan parlamentinin deputatı nazirə Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə bağlı sual ünvanlayıb
Tbilisi. 21 dekabr, AZƏRTAC
Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrının binasının qəzalı vəziyyətdə olması Gürcüstan parlamentinin deputatını narahat edir.
AZƏRTAC xəbər verir ki, deputat Savalan Mirzəyev bununla bağlı dekabrın 21-də hökumət üzvlərinin parlamentdəki çıxışları zamanı Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi naziri Mixail Georqadzeyə sual ünvanlayıb.
Deputat teatrın binasının qəzalı vəziyyətdə olduğunu diqqətə çatdırıb və bu mədəniyyət ocağının nə zaman təmir ediləcəyi ilə maraqlanıb. S.Mirzəyev, həmçinin teatr işçilərinin maaşlarının az olduğunu, bu məsələyə də aydınlıq gətirilməsini istəyib.
S.Mirzəyev Gürcüstanın Barış və Vətəndaş Bərabərliyi naziri Ketevan Cixelaşviliyə də sualla müraciət edib. O, milli azlıqlardan olan tələbələrin dövlət strukturlarında staj keçmələri və gələcəkdə işlə təminatı istiqamətində atılacaq addımlarla maraqlanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi