Gürcüstanda 20 Yanvar şəhidinin məzarı ziyarət olunub
Tbilisi, 16 yanvar, AZƏRTAC
Qanlı Yanvar faciəsində şəhid olmuş qəhrəmanların xatirəsi qonşu Gürcüstanda ehtiramla yad olunub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan Ağsaqqallar Şurasının sədri İsak Novruzov, professor Mahmud Kamaloğlu, səfirliyin əməkdaşları, Bolnisi rayon bələdiyyəsi sədrinin müavini Longinoz Həsənov və digər rəsmi şəxslər yanvarın 16-da Bolnisi rayonunun Faxralı kəndində olub, 20 Yanvar şəhidi, Faxralıda dəfn olunmuş İlqar Əhmədovun məzarını ziyarət ediblər. Şəhidin ruhuna dualar oxunub, məzarı üstünə qərənfillər düzülüb.
Sonra səfir şəhidin anadan olduğu evdə onun ailə üzvləri, yaxın qohumları ilə görüşüb, onlara başsağlığı verib, qayğıları ilə maraqlanıb. Dursun Həsənov Azərbaycan dövlətinin şəhid ailələrinə, o cümlədən 20 Yanvar şəhidlərinin ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, onların xatirəsinin daim uca tutulduğunu bildirib. Söhbət zamanı Faxralı kəndində şəhidin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı təkliflər irəli sürülüb.
Daha sonra səfir və onu müşayiət edən şəxslər rayonun Kəpənəkçi kəndindən olan şəhid Tengiz Turabovun yaxınlarına baş çəkib, onların qayğıları ilə maraqlanıb. Görüş zamanı D.Həsənov Azərbaycanda 20 Yanvar şəhidlərinə dövlət səviyyəsində göstərilən qayğıdan söz açıb. Qeyd edib ki, Qanlı Yanvar qurbanlarının əziz xatirəsi hər il Gürcüstanda da böyük ehtiramla yad edilir.
Hər iki şəhidin yaxınlarına ərzaq yardımı göstərilib. Şəhidlərin doğmaları onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə, xüsusilə də Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, 20 Yanvar faciəsi zamanı Gürcüstandan olan altı azərbaycanlı şəhid olub.
Azərbaycan səfirliyinin qonşu ölkədə faciənin 30-cu ildönümü ilə bağlı hazırladığı silsilə tədbirlər çərçivəsində anım tədbirləri keçirilir, şəhidlərin yaxınları ziyarət olunur.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi