Gürcüstanda fəaliyyət göstərən “Loğman” Tibb Mərkəzi Azərbaycan Ordusuna yardım göndərib
Tbilisi, 14 dekabr, AZƏRTAC
Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycan Ordusuna yardımı davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti yardım Gürcüstanın Qardabani rayonunda fəaliyyət göstərən “Loğman” Tibb Mərkəzi tərəfindən edilib.
“Loğman” Tibb Mərkəzi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə 70 000 lari dəyərində, bir yük maşını dərman və tibbi ləvazimatlar göndərib.
Mərkəz rəhbəri Elcan Abdullayev AZƏRTAC-a bildirib ki, həmin yük dekabrın 14-də Azərbaycana yola salınıb.
Onun sözlərinə görə, yük əsasən ən vacib dərman preparatları, tibbi ləvazimat və gigiyenik vasitələrdən ibarətdir.
E.Abdullayev deyib: “Gürcüstanda yaşayan hər bir azərbaycanlı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun erməni faşizmi üzərindəki qələbəsini qürur və fərəh hissi ilə qeyd edir. Biz hər zaman Azərbaycanımızın yanındayıq və Ali Baş Komandanın ətrafında sıx birləşmişik. Əsgərlərimizə və Şanlı Ordumuza yardımlarımız bundan sonra da davam edəcək”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi