Gürcüstanda keçmiş sovet respublikalarının dövlət arxivlərinin açıqlığının qiymətləndirildiyi yeni veb-platforma yaradılıb
Tbilisi, 24 oktyabr, AZƏRTAC
Gürcüstanda keçmiş sovet respublikalarının dövlət arxivlərinin açıqlığının qiymətləndirildiyi yeni veb-platforma (www.open-archives.org) yaradılıb.
AZƏRTAC xəbər verir ki, platforma İnformasiya Azadlığının İnkişafı üzrə İnstitut (IDFI) tərəfindən Açıq Cəmiyyət İnstitutu - Budapeşt Fondunun (OSI) maliyyə dəstəyi ilə yaradılıb. Portal hazırlanarkən 10 keçmiş sovet respublikasının 18 dövlət arxivi üzrə araşdırmalar aparılıb.
İngilis və rus dillərində fəaliyyət göstərən yeni platforma arxiv materialları üzərində çalışan araşdırmaçılar, jurnalistlər, təhqiqatçılar üçün faydalı resurs olacaq. Portalda, həmçinin 10 ölkənin dövlət arxivləri ilə bağlı qanunvericiliklə də tanış olmaq mümkündür. Portalda arxivlərin reytinq qiymətləndirilməsi də var. Qiymətləndirmə müvafiq qanunvericilik, arxiv xidmətləri, rəsmi internet səhifə, oxucu otaqları və digər göstəricilər üzrə həyata keçirilib.
IDFI-nin icraçı direktoru Giorgi Kidiaşvili jurnalistlərə bildirib ki, portalda Ukrayna, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Azərbaycan, Ermənistan, Özbəkistan, Belarus və Qırğızıstanın dövlət arxivlərinin açıqlığı üzrə reytinq tərtib olunub. Reytinqdə birinci yeri 70,11 faizlə Ukrayna tutub, Qırğızıstan 38,9 faizlə sonuncu yerdədir.
Azərbaycanda arxivlərin açıqlığı göstəricisi 55,82 faiz, Gürcüstanda 68,37 faiz, Ermənistanda isə 47,92 faiz təşkil edib.
İcraçı direktorun sözlərinə görə, Azərbaycan üzrə qiymətləndirmə yalnız Milli Arxiv İdarəsinə əsasən aparılıb.
Onun sözlərinə görə, gələcəkdə portalın əhatə etdiyi ölkələrin miqyası genişləndiriləcək.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi