DÜNYA
Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir
Tbilisi, 21 noyabr, AZƏRTAC
Noyabrın 21-də Gürcüstanda parlament seçkilərinin ikinci turu keçirilir.
AZƏRTAC xəbər verir ki, səsvermə prosesi 17 majoritar dairə üzrə təşkil olunub.
İkinci mərhələdə səsvermə paytaxt Tbilisi şəhəri üzrə 8, bölgələr üzrə isə 9 seçki dairəsində başlayıb.
Səsvermədə 2 milyon 140 min 210 seçicinin iştirakı nəzərdə tutulub. Onlar 1923 məntəqə və karantin zonalarında yaradılan 80 xüsusi məntəqədə öz seçimlərini edə biləcəklər.
Bununla yanaşı, Kutaisi şəhərində növbədənkənar mer seçkilərinin də II turu keçirilir.
Seçkiləri izləmək üçün seçki subyektlərinin 9521 nümayəndəsi, 132 yerli təşkilatın 47 min 345, 48 beynəlxalq təşkilatın isə 920 müşahidəçisi qeydiyyatdan keçib.
Prosesi 118 media qurumunun 5964 nümayəndəsi işıqlandıracaq.
Səsvermə prosesi saat 20:00-da başa çatacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi