Gürcüstanın bəzi ərazilərində torpaq sürüşməsi gözlənilir
Tbilisi, 8 fevral, AZƏRTAC
Gürcüstanın bəzi ərazilərində torpaq sürüşməsi və torpağın deformasiyaya uğraması prosesinin sürətlənəcəyi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Ekologiya Agentliyinin Geologiya Departamentinin 2023-cü ildə hazırlanmış və 2022-ci il dövrünü təsvir edən sənədində bəhs olunur.
Sənədə əsasən, Tbilisi-Qırmızı Körpü və Rustavi avtomobil yollarının bəzi ərazilərində də sürüşmə və deformasiya prosesləri baş verə bilər. Həmçinin Rustavinin Qərb periferiyasında, yeni qəsəbə ərazisində, Tbilisi-Qırmızı Körpü avtomobil yolunun ayrı-ayrı hissələrində, Yağlıca poliqonunun yaxınlığında, Kür çayı dərəsinin sağ yamacında torpaq sürüşmələri proqnozlaşdırılır.
Bundan əlavə, sənəddə qeyd olunur ki, Marneuli və Qardabani bələdiyyələrinin müxtəlif ərazilərində sürüşmə prosesinin aktivləşməsi gözlənilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi