HAVA ÜRƏK-DAMAR XƏSTƏLİKLƏRİ OLAN İNSANLAR ÜÇÜN RİSKLİ OLACAQDIR
Bakı, 2 avqust (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 23-27 dərəcə, gündüz 35-38 dərəcə, bəzi yerlərdə 40 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 4-də hava şəraitinin günəşli keçəcəyi, şimal-şərq, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 23-26 dərəcə, gündüz 36-39 dərəcə isti olacaqdır.
Avqustun 5-də də hava şəraitinin günəşli keçəcəyi, şimal küləyinin gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı gözlənilir. Havanın temperaturu gecə 24-27 dərəcə, gündüz 36-39 dərəcə isti olacaqdır.
Azərbaycanın rayonlarında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 36-39, bəzi yerlərdə 41 dərəcə, dağlarda gecə 14-19 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcəkdir.
Avqustun 4-5-də hava şəraitinin günəşli keçəcəyi, şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 35-39 dərəcə, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 15-20 dərəcə, gündüz 30-35 dərəcə isti təşkil edəcəkdir.
Yaxın 3 gün ərzində Abşeron yarmadasında müşahidə olunacaq güclü isti əksər insanlar üçün diskomfort yaradacaq, meteohəssas, xüsusən də ürək-damar xəstələri üçün riskli olacaqdır.