Havaların anomal isti keçməsi Qərbi Avropanı əldən salmışdır
Bakı, 25 iyul (AZƏRTAC). Qərbi Avropa ölkələrində havalar anomal dərəcədə isti keçir. Burada havanın temperaturu iqlim normasından xeyli yüksəkdir.
Məsələn Fransada temperatur 37 dərəcəyə çatmışdır. Bu, iyul ayı üçün orta temperaturdan 10 dərəcə yüksəkdir.
Turistlər və bərabər yerli sakinlər də fontanlı hovuzlarda çimir və 2003-cü ilin dəhşətli yayını xatırlayırlar: o vaxt havaların hədsiz isti keçməsi səbəbindən təxminən 15 min nəfər dünyasını dəyişmişdir.
Məmurlar Fransa müəssisələrinə iş cədvəlini dəyişməyi tövsiyə etmiş, insanlara isə tez-tez su içməyi, ağır fiziki işlərlə məşğul olmamağı məsləhət görmüşlər.
Londonda da havanın temperaturu rekord səviyyəyə çatmışdır. İyulun 22-də, Britaniya taxt-tacı vəliəhdinin doğum günündə burada temperatur 33,2 dərəcəyə çatmışdır. Ölkədə anomal hava şəraiti ilə əlaqədar xroniki xəstəliklərin kəşkinləşməsi 700-dən çox insanın ölümü ilə nəticələnmişdir. Britaniyada bundan əvvəlki temperatur rekordu (32,4 dərəcə) 1989-cu ildə qeydə alınmışdır.
İsveçrədə havanın temperaturu 37 dərəcəyə çatmışdır. Sinoptiklər xəbərdarlıq etmişlər ki, cümə günü Cenevrə və Syürixdə istilik 35 dərəcəyə çata bilər.
Qərbi Avropada bu anomal istilərə səbəb Afrikanın şimal-qərbindən şimal-şərq istiqamətində yayılmış güclü subtropik hava cərəyanıdır.
Qızmar hava Böyük Britaniya, Fransa, Almaniya, Yunanıstan və Qərbi Avropanın cənub əraziləri cənginə almışdır.